Kosmosda qorxulu görüntülər: UNO Beynəlxalq Kosmik Stansiyaya yaxınlaşıb?
“UFO Sighting Daily” ufoloji saytının kosmos tədqiqatçısı Skott Uorinq Beynəlxalq Kosmik Stansiyanın (BKS) yaxınlığında naməlum uçan obyekt (UNO) aşkar etdiyini iddia edib. Sirli obyektin görüntüləri kosmosda baş verən hadisələrlə bağlı yeni müzakirələrə səbəb olub.
Gundelik.az xəbər verir ki, bu barədə “Daily Mail” nəşri məlumat yayıb.
Uorinqin diqqətini “SpaceX Dragon” kosmik gəmisinin oktyabrın 15-də Beynəlxalq Kosmik Stansiyaya birləşməsi zamanı çəkilən video cəlb edib. Kadrlarda stansiyanın yaxınlığından dairəvi formalı ağ obyektin keçdiyi görünür.
Ufoloqun hesablamalarına görə, naməlum obyektin diametri təxminən 7 metr olub. O, belə bir cismin stansiya ilə toqquşacağı təqdirdə onu tamamilə məhv edə biləcəyini iddia edib.
“Dragon” gəmisinin heyəti, NASA-nın uçuş idarəetmə mərkəzinin mütəxəssisləri və Beynəlxalq Kosmik Stansiyada yaşayan astronavtların heç biri bu hadisədən bəhs etməyib”, – deyə Uorinq bildirib.
SpaceX gəmisinin ətrafında daha bir müəmmalı obyekt?
Tədqiqatçı bununla da kifayətlənməyərək “SpaceX Dragon” kosmik gəmisinin ətrafında da naməlum bir aparatın xaotik şəkildə hərəkət etdiyini iddia edib.
Onun sözlərinə görə, həmin obyekt indiyədək müşahidə etdiyi təyyarə və kosmik gəmilərin hərəkətindən tamamilə fərqli trayektoriya üzrə hərəkət edib.
“Bu, gördüyümüz adi uçuş aparatlarına və kosmik gəmilərə heç bənzəmirdi. Onun hərəkəti bizə məlum olan fizika qanunlarına uyğun gəlmir”, – deyə ufoloq qeyd edib.
Bununla belə, Uorinq kosmik gəminin yaxınlığında gördüyü obyektin həqiqətən mövcud olduğuna tam əmin olmadığını da etiraf edib.
Nəşrin məlumatına görə, NASA oktyabrın 15-də baş tutan birləşmə zamanı Beynəlxalq Kosmik Stansiyaya və ya “SpaceX Dragon” gəmisinə yaxınlaşan hər hansı naməlum obyekt barədə məlumat verməyib.
NASA-nın görüntülərində nəhəng yadplanetli gəmisi?
Qeyd edək ki, Skott Uorinq daha əvvəl də NASA-nın kosmik görüntülərində “nəhəng yadplanetli gəmisi” aşkar etdiyini iddia etmişdi.
Ufoloqun diqqətini Günəşi müşahidə edən kosmik aparat tərəfindən çəkilmiş fotolardan birində görünən uzun ağ zolaq cəlb etmişdi. O, həmin görüntünün yadplanetlilərə məxsus nəhəng kosmik gəmini əks etdirə biləcəyini irəli sürmüşdü.
Lakin bütün bu iddiaların heç biri yadplanetli mənşəli obyektlərin mövcudluğuna dair elmi sübut kimi təsdiqlənməyib.
Nuri
Gundelik.az