Boşanma milyarderə baha başa gəldi: Keçmiş həyat yoldaşına görə şirkətindəki payını satdı!

Boşanma milyarderə baha başa gəldi: Keçmiş həyat yoldaşına görə şirkətindəki payını satdı!

Cənubi Koreyanın ən varlı iş adamlarından biri, “SK Group” konqlomeratının rəhbəri Çxve Tevon boşanma ilə bağlı məhkəmə qərarından sonra şirkətindəki səhmlərin bir hissəsini satıb. Milyarder satışdan 944 milyard von (təxminən 57 milyard rubl) əldə edib.

Gundelik.az xəbər verir ki, bu barədə “Çunqan İlbo” nəşri məlumat yayıb.

Məlumata görə, iyul ayında məhkəmə boşanmadan sonra Çxve Tevonu keçmiş həyat yoldaşı No Soyona 944 milyard von ödəməyə məcbur edib. No Soyon ölkənin ilk demokratik yolla seçilmiş prezidenti hesab olunan siyasətçi Ro De U-nun qızıdır.

Maraqlıdır ki, iş adamının səhmlərinin satışından əldə etdiyi məbləğ məhkəmənin müəyyənləşdirdiyi təzminatla tam üst-üstə düşür.

Milyarder şirkətindəki payını itirdi

Səhmlərin satılması nəticəsində Çxve Tevonun “SK” holdinqindəki payı 17,76 faizdən 15,49 faizə düşüb. Beləliklə, milyarder şirkətindəki 2,27 faizlik payından məhrum olub.

Buna baxmayaraq, o, hələ də holdinqin ən böyük səhmdarı olaraq qalır. Bu səbəbdən iş adamının “SK Group” üzərində nəzarətini qoruyacağı gözlənilir.

Qeyd edək ki, “SK Group” Cənubi Koreyanın “Samsung”dan sonra ikinci ən böyük konqlomeratıdır. Şirkətlər qrupu enerji, telekommunikasiya və texnologiya sahələrində fəaliyyət göstərən iri müəssisələri birləşdirir. Həmçinin mikroelektronika istehsalı ilə məşğuldur.

Xəyanət boşanma ilə nəticələndi

Çxve Tevon və No Soyon 1988-ci ildə ailə qurublar. Onların nikahından üç övlad dünyaya gəlib. Lakin cütlüyün münasibətləri 2015-ci ildə biznesmenin qəzetdə dərc etdirdiyi məktubdan sonra ciddi şəkildə sarsılıb.

Həmin məktubda iş adamı həyatında başqa bir qadının olduğunu və nikahdankənar övladının dünyaya gəldiyini etiraf edib. Bundan sonra onların ailə münasibətləri sona çatıb.

Bill Qeyts də keçmiş həyat yoldaşına milyardlar ödəyib

Xatırladaq ki, daha əvvəl milyarder Bill Qeytsin də boşanma ilə bağlı keçmiş həyat yoldaşına 8 milyard dollar verdiyi barədə məlumat yayılmışdı. Melinda Qeyts isə Bill Qeytslə boşanmasını həyatında atdığı ən vacib addımlardan biri adlandırmışdı.

Nuri
Gundelik.az

Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.