400 illik sirli qıfılın kodu açıldı: Alimlər batmış gəminin xəzinəsinə aparan izi tapdı!

400 illik sirli qıfılın kodu açıldı: Alimlər batmış gəminin xəzinəsinə aparan izi tapdı!

20 il ərzində heç kim aça bilmədi: 400 illik qıfılın sirri nəhayət çözüldü

Britaniyalı alimlər təxminən 400 il əvvəl batmış gəminin qalıqları arasında aşkarlanan qədim qıfılın şifrəsini açmağa nail olublar. Tarixi artefaktın sirri uzun illərdir tədqiqatçıların diqqətini çəkirdi.

Gundelik.az xəbər verir ki, bu barədə “BBC News” məlumat yayıb.

Latundan hazırlanmış qıfıl 1999-cu ildə Uelsdə xəzinə axtaran Piter Hyuz tərəfindən tapılıb. O, qumun içərisində aşkarladığı artefaktın 1583-cü ildə qəzaya uğrayan “Ann Francis” gəmisinin yükünə aid olduğunu müəyyənləşdirib.

Məlumata görə, gəmi 1583-cü il dekabrın 28-də İspaniyadan geri qayıdarkən güclü fırtınaya düşüb və batıb.

Piter Hyuz təxminən 20 il ərzində qıfılın şifrəsini özü açmağa çalışsa da, buna nail ola bilməyib. Nəhayət, o, Uels Milli Muzeyinin və Kardiff Universitetinin tədqiqatçılarına müraciət edib.

Alimlər yalnız üçüncü cəhddə şifrəni müəyyənləşdirə biliblər. Məlum olub ki, qıfılın kodu “ANCE” sözü olub.

Qıfılın 1296 fərqli şifrəsi var idi

Mütəxəssislər qədim qıfılın quruluşunun olduqca mürəkkəb olduğunu vurğulayıblar. Qıfılın üzərində dörd fırlanan halqa yerləşir və hər halqada altı hərf var.

Bu isə ümumilikdə 1296 mümkün şifrə kombinasiyası deməkdir.

Bundan başqa, qıfılın hər iki ucunda kodun bir hissəsi olmayan sabit hərflər də mövcuddur. Alimlərin fikrincə, həmin hərflər potensial oğruları çaşdırmaq və şifrəni daha da mürəkkəbləşdirmək məqsədilə yerləşdirilib.

Qıfıl hansı xəzinəni qoruyurdu?

Qıfılın tapıldığı ərazidə ispan gümüş sikkələri də aşkarlanıb. Tarixçilər hesab edirlər ki, artefakt həmin xəzinəni qorumaq və ya içərisində mühüm sənədlər, yaxud dövrümüzə qədər gəlib çatmayan parçalar olan sandığı bağlamaq üçün istifadə edilmiş ola bilər.

Qıfılın hansı əşyaları qoruduğu isə hələ də dəqiq məlum deyil.

Qeyd edək ki, daha əvvəl britaniyalı alimlər təxminən 400 il əvvəl batmış və kral xəzinələrini daşıdığı ehtimal edilən “Blessing of Burntisland” gəmisini aşkarlamış ola biləcəklərini açıqlamışdılar. Həmin gəminin İngiltərə və Şotlandiya kralı I Çarlza məxsus olduğu bildirilir.

Nuri
Gundelik.az

Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.