Vens Respublikaçıların seçkilərdə məğlubiyyətinin səbəbini açıqladı: “Günah İranla müharibədədir”
ABŞ-nin vitse-prezidenti Cey Di Vens Respublikaçılar Partiyasının seçkilərdə məğlubiyyətinin əsas səbəbini açıqlayıb. Onun sözlərinə görə, məğlubiyyətə səbəb İranla aparılan müharibə olub.
Gundelik.az lenta.ru-ya istinadən xəbər verir ki, Vensin bildirdiyinə görə, sosioloji sorğuların nəticələri seçicilərin bir hissəsinin Demokratlar Partiyasına səs verməsinin səbəblərini ortaya qoyur.
Onun fikrincə, seçicilər İranla hərbi münaqişənin dayandırılmasını, qiymət artımının qarşısının alınmasını, Amerikanın milli maraqlarının yenidən prioritetə çevrilməsini və İsraillə münasibətlərə yanaşmanın dəyişdirilməsini tələb ediblər.
Vitse-prezident tərəfdarlarını Vaşinqtondakı “köhnə partiya elitasına” etibar etməməyə də çağırıb. O, yaxın aylarda həmin siyasi qüvvələrin qeyri-qanuni miqrantlara amnistiya verilməsini partiyanın xilasının yeganə yolu kimi təqdim etməyə çalışacaqlarını bildirib.
Vens bu cür təşəbbüsləri yanlış yanaşma adlandıraraq miqrasiya probleminin həlli üçün alternativ təklif irəli sürüb. Onun fikrincə, qeyri-qanuni miqrantları işə götürən şirkətlərə qarşı cəzalar sərtləşdirilməlidir.
Siyasətçi vurğulayıb ki, Respublikaçıların əsas problemi seçici fəallığının aşağı olması deyil. Onun qiymətləndirməsinə görə, seçkilərdə iştirak səviyyəsi qənaətbəxş olub. Əsas problem çoxsaylı seçicilərin şüurlu şəkildə Respublikaçılar Partiyasının əleyhinə səs verməsidir.
Vitse-prezident narazı tərəfdarların qəzəbini başadüşülən hesab etdiyini bildirib. O, onları bu emosiyaları konstruktiv istiqamətə yönəltməyə, gələcək seçkilərdə öz mövqelərini bölüşən siyasətçiləri dəstəkləməyə və ölkənin “xilas edilməsi” istiqamətində fəaliyyətə yenidən başlamağa çağırıb.
Ağ Evin rəhbəri Donald Tramp isə fərqli mövqe sərgiləyib. O, “bunu yenidən etmək imkanı olsaydı belə”, hər halda eyni addımı atmağa məcbur qalacağını bildirib.
Xatırladaq ki, daha əvvəl Tramp Konqresə keçirilən aralıq seçkilərin nəticələrini tanımağa və Demokratlar Partiyası ilə əməkdaşlıq etməyə hazır olduğunu açıqlamışdı.
Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov da ABŞ-də keçirilən aralıq seçkilərlə bağlı vəziyyətin həmin ölkənin daxili işi olduğunu bildirmişdi. “Biz, təbii ki, bütün dünya kimi bu prosesi çox diqqətlə izləyirik”, – deyə Kreml nümayəndəsi qeyd etmişdi.
Məğlubiyyətin səbəbi yerinə yetirilməyən vədlərdir
Almaniyanın “Almaniya üçün Alternativ” (AfD) partiyasının həmsədri Tino Xrupalla isə Respublikaçılar Partiyasının Konqresə keçirilən aralıq seçkilərdə məğlubiyyətini ABŞ prezidentinin seçkiqabağı vədlərini yerinə yetirməməsi ilə əlaqələndirib.
Almaniyalı siyasətçi xatırladıb ki, Donald Tramp Ukraynadakı münaqişəni başa çatdıracağına söz vermişdi. Lakin o, buna nail ola bilməyib və əksinə, İranla müharibə də daxil olmaqla, yeni hərbi münaqişələrə yol açıb.
Xrupallanın fikrincə, Respublikaçıların məğlubiyyəti Trampın seçkiqabağı vədlərini yerinə yetirmədiyinin göstəricisidir.
O, həmçinin qeyd edib ki, ABŞ prezidenti seçki kampaniyası zamanı vətəndaşlara sülh və sosial təminat vəd etmişdi. Lakin Hörmüz boğazının bağlanması fonunda amerikalılar benzinin və ümumilikdə yaşayış xərclərinin kəskin artması ilə üzləşiblər.
Almaniyalı siyasətçi Trampın İranla müharibədən çıxış üçün hələ də aydın strategiya ortaya qoymadığına da diqqət çəkib.
Nuri
Gundelik.az