Səbəbsiz sürətlənən asteroid alimləri çaşdırdı - Kosmik obyektin sirri açıldı

Səbəbsiz sürətlənən asteroid alimləri çaşdırdı - Kosmik obyektin sirri açıldı

Alimlər Yerə yaxın asteroidlərdən biri olan 1998 KY26-nın “qaranlıq kometa” olmadığını təsdiqləyiblər.

Gundelik.az xəbər verir ki, bu barədə “Science Alert” nəşri məlumat yayıb.

1998 KY26 kosmik obyekti heç bir aşkar səbəb olmadan sürətini artırmağa başladıqdan sonra tədqiqatçıların diqqətini cəlb edib. Asteroidlərdə belə dəyişikliklər adətən cazibə qüvvəsinin və ya Günəş şüalanmasının təsiri ilə baş verir. Lakin bu amillərin heç biri obyektin hərəkətindəki bütün xüsusiyyətləri izah etməyib.

Bu vəziyyət 1998 KY26-nın “qaranlıq kometa” olması ehtimalını gündəmə gətirib. Belə kometaların quyruğu və digər xarici əlamətləri olmadığı üçün onları adi asteroidlərdən fərqləndirmək çətindir.

Bu fərziyyəni yoxlamaq üçün Corciya Texnologiya İnstitutunun mütəxəssisləri Korbin Hansen və Masatoşi Hirabayasi 1998 KY26-nın səthində və daxili qatlarında mövcud ola biləcək şəraiti modelləşdiriblər.

Hesablamalar göstərib ki, obyektin səthində temperaturun 212 Kelvin dərəcəsindən (mənfi 61 dərəcə Selsi) aşağı olduğu heç bir sahə yoxdur. Tədqiqatçılara görə, bu temperatur kometa üçün həddindən artıq yüksəkdir.

Hansen və Hirabayasinin hesablamalarına əsasən, əgər 1998 KY26 kometa olsaydı, onun buz örtüyü cəmi bir neçə min il ərzində, hətta daha qısa müddətdə tamamilə yox olardı.

Mütəxəssislər hesab edirlər ki, bu nəticə obyektin kometa olmadığını göstərir. Çünki kometaların əsas xüsusiyyətlərindən biri onların tərkibində buzun olmasıdır.

Tədqiqatın nəticələri “Icarus” elmi jurnalında dərc olunub.

Qeyd edək ki, bundan əvvəl astrofizik Avi Loeb 2025-ci ilin avqustunda aşkar edilmiş 2025 PN7 kvazi-peyk obyektinin sovet kosmik aparatının qalıqları ola biləcəyini ehtimal etmişdi.

O, həmkarı ilə birlikdə obyektin hərəkət trayektoriyasını hesablayaraq onun SSRİ-də hazırlanmış “Zond-1” kosmik aparatını kosmosa çıxaran raketin pillələrindən birinin trayektoriyasına yaxın olduğunu müəyyənləşdirib.

Nuri
Gundelik.az

Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.