Gülçin Aslanlı: “Mədəniyyət diplomatiyası Azərbaycanın beynəlxalq nüfuzunun möhkəmlənməsində mühüm rol oynayır”

Gülçin Aslanlı: “Mədəniyyət diplomatiyası Azərbaycanın beynəlxalq nüfuzunun möhkəmlənməsində mühüm rol oynayır”

Müasir dünyada mədəniyyət diplomatiyası dövlətlərin beynəlxalq nüfuzunun möhkəmləndirilməsində, xalqlar arasında qarşılıqlı anlaşma və əməkdaşlığın inkişafında mühüm vasitələrdən birinə çevrilib.

ASLANLI MUSEUM – Mədəniyyət və Yaradıcılıq Mərkəzinin təsisçisi və direktoru, rəssam, heykəltəraş və mədəniyyət təşəbbüskarı Gülçin Aslanlı Gundelik.az-a açıqlamasında Azərbaycanın zəngin tarixi və mədəni irsinin beynəlxalq miqyasda tanıdılmasının ölkənin mövqeyinin gücləndirilməsi baxımından böyük əhəmiyyət daşıdığını bildirib.

Onun sözlərinə görə, mədəniyyət diplomatiyası yalnız dövlətlərarası rəsmi münasibətlərlə məhdudlaşmır, eyni zamanda incəsənət vasitəsilə xalqlar arasında mənəvi bağların qurulmasına xidmət edir.

“Mədəniyyət diplomatiyası dövlətlər arasında rəsmi münasibətlərdən daha geniş məna daşıyır. İncəsənət xalqları bir-birinə yaxınlaşdırır, milli dəyərləri sərhədlərdən kənara çıxarır. Bəzən bir sənət əsəri bütöv bir xalqın tarixini, düşüncəsini və mənəvi dünyasını ifadə edə bilir. Bu baxımdan Azərbaycan incəsənətinin beynəlxalq arenada təmsil olunması yalnız mədəni deyil, həm də strateji əhəmiyyət daşıyır”, – deyə Gülçin Aslanlı vurğulayıb.

Müsahib hesab edir ki, mədəniyyət diplomatiyasının inkişafı dövlət qurumları ilə yanaşı, özəl sektorun və müstəqil mədəniyyət mərkəzlərinin də bu prosesə fəal cəlb olunmasını tələb edir. Onun fikrincə, beynəlxalq sərgilər, birgə yaradıcılıq layihələri və xarici mədəniyyət təşkilatları ilə əməkdaşlıq Azərbaycanın dünyada daha geniş tanıdılmasına, eyni zamanda yaradıcı sənayelərin inkişafına töhfə verə bilər.

Gülçin Aslanlı bu istiqamətdə öz yaradıcılıq fəaliyyətində də beynəlxalq əməkdaşlığa xüsusi önəm verdiyini qeyd edib. Onun İtaliya və İsraillə qurduğu əlaqələr, eləcə də Azərbaycan və Misir mədəniyyətləri arasında yaradıcı dialoqu hədəfləyən “Nildən Xəzərə” sərgi təşəbbüsü mədəniyyət diplomatiyasının praktiki nümunələri kimi diqqət çəkir.

Bildirib ki, rəhbərlik etdiyi ASLANLI MUSEUM-un əsas fəaliyyət istiqamətlərindən biri də beynəlxalq mədəni əlaqələrin genişləndirilməsi, Azərbaycan sənətkarlarının xarici ölkələrdə tanıdılması və müxtəlif xalqlar arasında yaradıcı əməkdaşlıq mühitinin formalaşdırılmasıdır.

“Biz mədəniyyətimizi yalnız qorumaqla kifayətlənməməli, onu beynəlxalq müstəvidə layiqincə təmsil etməliyik. Azərbaycan sənətkarı dünyada yalnız öz yaradıcılığının deyil, həm də ölkəsinin mədəni kimliyinin daşıyıcısıdır. Mən inanıram ki, gələcəkdə mədəniyyət diplomatiyası Azərbaycanın beynəlxalq əlaqələrinin inkişafında daha böyük rol oynayacaq. Çünki siyasi və iqtisadi münasibətlər dəyişə bilər, lakin sənətin xalqlar arasında yaratdığı mənəvi bağlar uzunömürlüdür”, – deyə Gülçin Aslanlı əlavə edib.

Nuri
Gundelik.az

Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.