Saatlıq əməkhaqqı necə hesablanacaq? - Komitə sədri AÇIQLADI
Azərbaycanda əməyin ödənilməsi vaxtamuzd, işəmuzd və digər formalarda həyata keçirilir və minimum əmək haqqı aylıq dövrü əhatə edir.
Gundelik.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev sözügedən komitəsinin bu gün keçirilən iclasında deyib.
M.Quliyev bildirib ki, əməyin ödənilməsində bu cür yanaşma qısamüddətli əməyə cəlb etmə və natamam iş saatlarında işləyənlərin əməyinin ödənilməsində qeyri bərabərlik yaradır:
“Məlumdur ki, işçilərin minimum yaşayış səviyyəsini təmin etmək üçün əsas sosial siyasət aləti olaraq minimum əməkhaqqı
indikatorundan istifadə olunur. Heç bir işəgötürən işçiyə ölkə üzrə müəyyən edilən minimum əməkhaqqı məbləğindən aşağı əmək haqqı təklif edə bilməz.
Lakin minimum əməkhaqqı aləti bütün iş rejimlərində universal indikator kimi çıxış edə bilmir. Xüsusi ilə natamam və mövsümi işlərdə, qısamüddətli müqavilə tələb edilən işlərdə əməyin minimum əməkhaqqı sistemi üzərindən ödənilməsi qeyri bərabərlik və sosial ədalətsizlik yaradır. Ona görə də bir çox ölkələrdə əməyin ödənilməsində aylıq əmək haqqı ilə yanaşı saatlıq əməkhaqqı rejimi də tətbiq edilir.
Saatlıq minimum əmək haqqı kənd təsərrüfatı, iaşə, turizm, məişət xidməti, daşıma xidmətləri, İT sektoronda çalışan işçilərin əməyinin ödənilməsində bərabər və ədalətli yanaşmanı təmin edə bilər.
Saatlıq əmək haqqının tətbiqi azyaşlı uşaqları olan qadınların, tələbələrin, pensiyaçıların əmək bazarına çıxışını asanlaşdıran bir çalışma rejimi olaraq həm də qeyri-formal məşğulluğun rəsmləşdirilməsinə təkan verən bir sosial alət olaraq əhəmiyyətlidir. Qanun Layihəsində o da təsbit olunmuşdur ki, saatlıq əmək haqqının minimum məbləği minimum əmək haqqının bir saatına düşən məbləğdən az ola bilməz.
Saatlıq əmək haqqının tətbiq olunduğu iqtisadi fəaliyyət növlərinin siyahısı Az. R. Nazirlər Kabineti tərəfindən müəyyən ediləcəkdir.
Əmək müqaviləsi 1 aydan az müddətdə bağlandqda və ya həftəlik iş vaxtı 20 saatdan çox olmadığı hallarda əməyin ödənilməsində saatlıq əməkhaqqı sistemi tətbiq ediləcəkdir.
Minimum saatlıq əmək haqqı sisteminin tətbiq edilməsi əməyin ödənilməsində daha çevik və sosial ədalətli mexanizmin formalaşmasına, işçilərin əmək hüquqlarının qorunmasına və əmək münasibətlərində şəffaflığın artırılmasına xidmət edəcəkdir”.