ABŞ-də qadın keçmiş əri tərəfindən iki il əsir saxlanıldı - Qonşunun sayəsində xilas edildi

ABŞ-də qadın keçmiş əri tərəfindən iki il əsir saxlanıldı - Qonşunun sayəsində xilas edildi

ABŞ-də keçmiş əri tərəfindən iki il əsir saxlanılan qadın qonşunun köməyi ilə xilas edilib. Qadının kömək çağırışlarını eşidən qonşu polisə məlumat verib.

Gundelik.az xəbər verir ki, bu barədə “People” nəşri məlumat yayıb.

Şimali Dakota ştatının Farqo şəhərinin polisinin məlumatına görə, 40 yaşlı Arturo Kalsada-Beserril və onun 41 yaşlı sevgilisi Erendira Amoles 2024-cü ildə qadını Meksikadan ABŞ-yə gətiriblər.

Qadın demək olar ki, bütün vaxtını mənzildə, çarpayıya zəncirlənmiş vəziyyətdə keçirib. Onun ayaq biləyinə kilidli metal halqa taxılıb, otaqda müşahidə kamerası quraşdırılıb, pəncərələr isə folqa ilə örtülüb.

Əsir saxlanılan qadına gündə cəmi iki dəfə yemək verilib. O, təbii ehtiyaclarını ödəmək üçün tualet əvəzinə vedrədən istifadə etməyə məcbur edilib.

Noyabrın 3-də qonşulardan biri mənzildən gələn boğuq kömək səslərini eşidərək polisə zəng edib. Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları qadını mənzildə aşkar ediblər.

Onun bədənində çoxsaylı qançırlar, alnında isə zərbə nəticəsində yaranmış çapıq olub.

Dindirmə zamanı cütlük qadını narkotik istifadəsinə qayıtmaması üçün saxladıqlarını iddia edib. Lakin prokurorluq hesab edir ki, əsirliyin əsl məqsədi immiqrasiya statusu əldə etmək olub.

“New York Post” nəşrinin məlumatına görə, zərərçəkmiş ABŞ vətəndaşıdır. Prokurorluğun versiyasına əsasən, keçmiş ər onun ABŞ vətəndaşlığından istifadə edərək qanuni yaşayış icazəsi və immiqrasiya statusu əldə etməyə çalışıb.

Meksika əsilli olan təqsirləndirilən şəxslər deportasiya ilə üzləşə bilərlər. Hər iki şəxs ittihamları qəbul etməyib. Onların hər biri üçün girov məbləği 500 min dollar müəyyən edilib.

Qeyd edək ki, bundan əvvəl Böyük Britaniyada qaçırılan bir kişinin ikinci mərtəbənin pəncərəsindən tullanaraq polis avtomobilini saxlatdığı bildirilmişdi. Münasibətini bitirmək istəyən britaniyalı qadınlardan birinin qisasının qurbanına çevrilmişdi.

Nuri
Gundelik.az

Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.