Xaqani Şirvaninin 900 illik yubileyi qeyd olundu – Azərbaycan ədəbiyyatının böyük irsinə ehtiram
Azərbaycan Universitetində dahi Azərbaycan şairi və mütəfəkkiri Əfzələddin Xaqani Şirvaninin anadan olmasının 900 illiyinə həsr olunmuş ədəbi-bədii tədbir keçirilib. Tədbirdə şairin zəngin yaradıcılığı, Azərbaycan və Şərq ədəbiyyatındakı yeri, eləcə də onun irsinin müasir nəsillər üçün əhəmiyyəti diqqətə çatdırılıb.
Gunelik.az xəbər verir ki, noyabrın 11-də Azərbaycan Universitetində “Xaqani Şirvani – 900: 9 əsrin Xaqanı” adlı ədəbi-bədii tədbir təşkil olunub.
Tədbirin əsas məqsədi Azərbaycan klassik ədəbiyyatının görkəmli nümayəndələrindən olan Xaqani Şirvaninin zəngin ədəbi-fəlsəfi irsini təbliğ etmək, onun milli ədəbiyyatımızın inkişafındakı müstəsna rolunu bir daha diqqətə çatdırmaq olub.
Tədbirdə universitetin prorektoru Yusif Qasımov, Humanitar və sosial elmlər fakültəsinin dekanı Səfər Məmmədov və Tərcümə və filologiya kafedrasının professoru Asif Hacıyev çıxış ediblər.
Çıxışlar zamanı Xaqani Şirvaninin Azərbaycan və Şərq ədəbiyyatındakı mövqeyi, poetik irsinin fəlsəfi dərinliyi və yaradıcılığının ideya-bədii xüsusiyyətləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, böyük şairin əsərləri əsrlər keçməsinə baxmayaraq, bu gün də öz bədii-estetik dəyərini qoruyub saxlayır.
Tədbirin bədii hissəsində tələbələr Xaqani Şirvaninin yaradıcılığına həsr olunmuş təqdimatlarla çıxış edib, onun ədəbi irsindən nümunələr səsləndiriblər. Gənclərin klassik Azərbaycan poeziyasına göstərdiyi maraq tədbirin diqqətçəkən məqamlarından biri olub.
Qeyd edək ki, Xaqani Şirvani Azərbaycan ədəbiyyatının dünya miqyasında tanınan böyük nümayəndələrindəndir. Onun yaradıcılığı yalnız poetik sənətkarlığı ilə deyil, həm də fəlsəfi düşüncəsi, insan, cəmiyyət və həyat haqqında mülahizələri ilə seçilir.
Ədəbi-bədii tədbir Prezidentin Xaqani Şirvaninin 900 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncamına əsasən, universitetin Tərcümə və filologiya kafedrasının təşkilatçılığı ilə keçirilib.
Nuri
Gundelik.az