Alyaskada müəmmalı hadisə: Hərbi baza üzərində “meduza” formalı uçan obyekt

Alyaskada müəmmalı hadisə: Hərbi baza üzərində “meduza” formalı uçan obyekt

ABŞ-da hərbi baza üzərində meduzaya bənzər UNO göründü – Sirli obyekt qəfil yoxa çıxdı

ABŞ-ın Alyaska ştatında hərbi baza üzərində meduzaya bənzəyən naməlum uçan obyekt (UNO) müşahidə edilib.

Gundelik.az xəbər verir ki, bu barədə “Daily Mail” nəşri məlumat yayıb.

Alyaskanın Ankoric şəhərində yaşayan Sara Ceyn Osbornun sözlərinə görə, hadisə 2026-cı il iyunun 15-də, saat 22:13 radələrində baş verib. Qadın əvvəlcə göy qurşağının fotosunu çəkərkən telefonunun ekranında gördüyü qara ləkəni ağcaqanad hesab edib. Lakin başını qaldırdıqda Eylmendorf-Riçardson Birləşmiş Hərbi Bazası istiqamətində havada hərəkətsiz dayanan qəribə obyekt görüb.

ABŞ-ın F-22 qırıcılarının da yerləşdiyi bazanın yaxınlığında müşahidə edilən obyekt gümüşü-qara rəngdə olub və meduzanın çadırlarına bənzəyən çıxıntılara malik imiş.

Şahidənin sözlərinə görə, obyektin “çadırları” bir-birindən asılı olmayaraq hərəkət edirdi. Naməlum uçan obyekt təxminən üç dəqiqə ərzində səmada qaldıqdan sonra qəfil yoxa çıxıb.

Osborn və həyat yoldaşı təxminən yarım saat ərzində ətrafı araşdıraraq hadisəyə izah tapmağa çalışıblar. Lakin nə uçurtma, nə onu idarə edən şəxs, nə də müşahidə olunan obyektin nə ola biləcəyinə dair başqa bir ipucu aşkarlayıblar.

Nəşrin qeyd etdiyinə görə, obyektin müşahidəçilərdən hansı məsafədə olduğu məlum deyil. Buna görə də onun həqiqi ölçülərini müəyyənləşdirmək mümkün deyil.

Rəsmi qurumlar obyektin hərbi bazanın hava məkanında olduğunu və ya hərbi mənşə daşıdığını təsdiqləməyib. Onun dron, uçurtma və ya başqa adi uçan vasitə olması da istisna edilmir. Hadisənin yadplanetlilərlə əlaqəli olduğunu təsdiqləyən heç bir sübut yoxdur.

Müəlliflərin xatırlatdığı kimi, ABŞ-da hərbi obyektlərin yaxınlığında naməlum uçan obyektlərlə bağlı məlumatlar əvvəllər də Pentaqon tərəfindən araşdırılıb. Lakin bu cür hadisələrin əksəriyyəti dron uçuşları və ya optik illüziyalarla əlaqələndirilib.

Qeyd edək ki, bundan əvvəl Britaniya aviaşirkətinin pilotu da mütəmadi olaraq naməlum uçan obyektlərlə qarşılaşdığını bildirmişdi.

Nuri
Gundelik.az

Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.