Peruda “Siklopun məzarı” tapılıb: Arxeoloqlar nadir genetik anomaliyaya malik körpənin qalıqlarını aşkarlayıblar

Peruda “Siklopun məzarı” tapılıb: Arxeoloqlar nadir genetik anomaliyaya malik körpənin qalıqlarını aşkarlayıblar

Beynəlxalq arxeoloqlar qrupu Perunun Naska yaylasında nadir anadangəlmə patologiyaya malik körpənin dəfn edildiyi məzar aşkarlayıb. Söhbət siklopiya adlanan, bir göz yuvasının formalaşması ilə xarakterizə olunan nadir inkişaf anomaliyası ilə doğulmuş körpədən gedir.

Gundelik.az xəbər verir ki, bu barədə “Haaretz” nəşri məlumat yayıb.

Məlumata görə, dəfn mərasimi eramızın 325–440-cı illərinə aiddir. İki körpənin qalıqları keramika qabın içərisində tapılıb. Anomaliyaya malik qız uşağının qalıqları qabın dibində, heç bir inkişaf qüsuru olmayan digər körpənin qalıqları isə onun üstündə yerləşib.

Arxeoloqlar tapıntının təbii mənşəli anomaliya olduğunu da təsdiqləyiblər. Genetik analiz nəticəsində siklopiya ilə doğulan körpədə 13-cü xromosomun əlavə nüsxəsi aşkarlanıb. Bu, Patau sindromu kimi tanınan genetik xəstəliklə əlaqəlidir.

Tədqiqatçıların fikrincə, dəfnin Naska mədəniyyətinə xas ənənəvi qaydada həyata keçirilməsi körpənin qeyri-adi xarici görünüşünün onun dəfn mərasiminə təsir etmədiyini göstərir.

Siklopiya təxminən hər 100 min doğuşdan birində rast gəlinən son dərəcə nadir anadangəlmə patologiyadır. Əksər hallarda bu vəziyyət hamiləliyin düşük və ya ölü doğuşla nəticələnməsinə səbəb olur.

Kaliforniya Universitetinin Santa-Kruz kampusunun tədqiqatçısı Lars Feren-Şmits bildirib ki, qız uşağının diri doğulduğuna əminlik var, lakin onun çox qısa müddət yaşadığı ehtimal edilir.

Körpənin doğuşdan sonra dəqiq nə qədər yaşadığını müəyyənləşdirmək mümkün olmayıb. Bununla belə, çənəsinin inkişaf vəziyyəti onun müəyyən müddət ərzində müstəqil nəfəs ala və qidalana bildiyini göstərir.

DNT analizinin digər maraqlı nəticəsi də üzə çıxıb. Məlum olub ki, keramika qabda dəfn edilən iki körpənin anaları fərqli olub və onlar ana xətti üzrə bacı deyillər.

Qeyd edək ki, siklopiya əvvəllər əsasən heyvanlarda aşkarlanıb. Naskadakı bu arxeoloji tapıntı isə insanlarda həmin anomaliyanın təsdiqlənmiş ilk nümunəsi ola bilər.

Xatırladaq ki, bundan əvvəl dünyanın müxtəlif ölkələrindən olan tədqiqatçılar ötən əsrdə İtaliyanın cənubunda tapılmış iki qədim qadın skeletini araşdıraraq ana və qızda nadir genetik xəstəlik müəyyən ediblər. Onların hər ikisində akromezomelik displaziyanın inkişafına səbəb olan NPR2 gen mutasiyası aşkarlanıb.

Nuri
Gundelik.az

Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.