Azərbaycanlı qardaşlar beynəlxalq turnirin finalında üz-üzə gəldi: Qızıl və gümüş medallar ailədə qaldı
Azərbaycan güləşçiləri Qazaxıstanda keçirilən beynəlxalq turnirdə uğurlu nəticə göstəriblər. Yarışın ən maraqlı qarşılaşmalarından biri isə iki azərbaycanlı qardaşın finalda bir-birinə rəqib olması ilə yadda qalıb.
Gundelik.az xəbər verir ki, Qazaxıstanın Şımkent şəhərində əməkdar məşqçi və akademik Mərdan Saparbayevin xatirəsinə həsr olunmuş yunan-Roma güləşi üzrə beynəlxalq turnir keçirilib.
Yarışda 77 kiloqram çəki dərəcəsində mübarizə aparan Davud və Cavad Məmmədov finala yüksəliblər. Beləliklə, həlledici görüşdə Azərbaycanı təmsil edən iki qardaş üz-üzə gəlib.
Gərgin keçən final qarşılaşmasında Davud Məmmədov qardaşı Cavadı 3:1 hesabı ilə məğlub edərək turnirin qalibi olub. Cavad Məmmədov isə gümüş medala sahib çıxıb.
Bununla da Azərbaycan idmançıları həmin çəki dərəcəsində fəxri kürsünün ilk iki pilləsini tutublar.
Qeyd edək ki, hər iki güləşçi Azərbaycan U-20 millisinin məşqçisi Akif Əliyevin rəhbərliyi altında yarışda iştirak edib.
Qardaşların beynəlxalq turnirin finalında qarşılaşması Azərbaycan güləşinin gənc nəslinin uğurları ilə yanaşı, idmanın maraqlı və yaddaqalan anlarından biri kimi də diqqət çəkib.
Nuri
Gundelik.az