IBM-dən kvant texnologiyasında yeni addım: 520 kubitlik prosessor hazırlanır
Texnologiya dünyasında kvant kompüterlərinin inkişafı istiqamətində mühüm yenilik açıqlanıb. IBM şirkəti 520 proqramlaşdırıla bilən kubit üzərində 10 min kvant əməliyyatı həyata keçirmək üçün nəzərdə tutulan yeni nəsil Nighthawk r3 prosessorunu təqdim edib.
Gundelik.az xəbər verir ki, şirkətin noyabrın 11-də yaydığı məlumata görə, yeni prosessor daha mürəkkəb hesablamaların aparılmasına imkan yaratmaq məqsədi daşıyır. Bu texnologiya böyük həcmli məlumatların emalı və elmi tədqiqatlar üçün yeni perspektivlər aça bilər.
IBM-in planına əsasən, 2027-ci ildə iki Nighthawk r3 prosessorunun birləşdirilməsi və ümumilikdə 1040 kubitlik sistemin yaradılması nəzərdə tutulur.
Mütəxəssislərin diqqətini çəkən əsas məqam kvant kompüterlərinin yalnız hesablama gücünün deyil, həm də əməliyyatların dəqiqliyinin və sürətinin artırılmasıdır.
Adi kompüterlər məlumatları bitlər vasitəsilə, kvant kompüterləri isə kubitlər vasitəsilə emal edir. Kvant texnologiyası müəyyən mürəkkəb problemlərin həllində ənənəvi hesablama üsullarını tamamlamaq və gələcəkdə yeni imkanlar yaratmaq potensialına malikdir.
Qeyd edək ki, kvant kompüterlərinin geniş tətbiqi üçün hələ də texniki çətinliklərin aradan qaldırılması və sistemlərin etibarlılığının artırılması vacibdir. Buna baxmayaraq, IBM-in yeni prosessorla bağlı planları bu sahədə inkişafın davam etdiyini göstərir.
Nuri
Gundelik.az