Ukrayna sülh naminə sərhədlərin dəyişdirilməsi təklifini rədd edib: Əbu-Dabi danışıqlarında nələr məlumdur?

Ukrayna sülh naminə sərhədlərin dəyişdirilməsi təklifini rədd edib: Əbu-Dabi danışıqlarında nələr məlumdur?

Ukrayna Rusiya ilə müharibənin dayandırılması və danışıqlarda irəliləyiş əldə edilməsi naminə ABŞ-nin sərhədlərin yenidən nəzərdən keçirilməsi ilə bağlı yeni təklifini rədd edib.

Gundelik.az xəbər verir ki, bu barədə “The Telegraph” nəşri məlumat yayıb.

Qəzetin məlumatına görə, amerikalı danışıqlarçılar Rusiyaya Donbasda cəbhə xətti üzərində tam nəzarət əldə etdiyini bəyan etməyə imkan verəcək ərazi kompromisi təklif ediblər. Bu variant Ukraynanın hazırda nəzarətində saxladığı şəhərləri təhvil verməsini nəzərdə tutmur.

Lakin Əbu-Dabidəki danışıqlara yaxın olan ukraynalı mənbə “The Telegraph”a bildirib ki, Ukrayna nümayəndə heyəti ərazi güzəştlərini heç vaxt müzakirə etməyib.

“Ukrayna nümayəndə heyəti ərazilərlə bağlı heç bir güzəşti müzakirə etməyib. Ukrayna bunu nə de-fakto, nə də de-yure heç vaxt qəbul etməyəcək. Bu, danışıqlar masası arxasında hər zaman mövqeyimiz olub”, – mənbə qeyd edib.

Daha əvvəl “The Economist” Ağ Evdə Ukraynanın inzibati sərhədlərinin yenidən nəzərdən keçirilməsi ilə bağlı təklifin müzakirə olunduğunu təsdiqləyib. Söhbət ilk növbədə Donetsk və Luqansk vilayətlərinin sərhədlərinin dəyişdirilməsindən gedir.

ABŞ Ukraynanın ərazi güzəştlərinə hazır olduğunu iddia edib

Bununla yanaşı, “Politico” nəşri amerikalı rəsmilərə istinadən yazıb ki, onlar Əbu-Dabidə keçirilən üçtərəfli danışıqlarda həm Rusiya, həm də Ukrayna tərəfinin ərazi məsələsində müəyyən çeviklik nümayiş etdirməyə hazır olduğunu görüblər.

“Bu görüşü təşkil edən amerikalı rəsmilər şəxsi söhbətlərində bildirirlər ki, həm Rusiya, həm də Ukrayna ərazi məsələsində müəyyən dərəcədə çeviklik nümayiş etdirməyə hazır olduqlarını göstəriblər”, – nəşrin məlumatında qeyd olunub.

ABŞ Rusiyanı Avropanı danışıqlara cəlb etməyə inandırmağa çalışıb

Əbu-Dabidə danışıqları açan ABŞ Prezidentinin xüsusi nümayəndəsi Cared Kuşner bildirib ki, avropalılar onlardan tez-tez Rusiya və Prezident Vladimir Putinin həqiqətən sülh istəyib-istəmədiyini soruşurlar.

“Biz Stivlə (ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff – red.) Putindən eşitdiklərimizə əsaslanaraq tam əminliklə deyə bilərik ki, uyğun şərtlər yaradılarsa, Rusiyanın sülhə hazır olduğuna inanırıq”, – Kuşner bildirib.

O, həmçinin qeyd edib ki, iki günlük danışıqların əsas məqsədlərindən biri rusiyalıları avropalıları da görüşlərə cəlb etməyə razı salmaqdır.

Bununla belə, Rusiya nümayəndə heyəti danışıqlar zalına daxil olmamışdan əvvəl avropalılar görüşü tərk ediblər.

“The Telegraph”ın məlumatına görə, amerikalı rəsmilər Kiyev və Moskva arasında ərazi məsələsində hər hansı kompromisin əldə olunmasının Avropanın təhlükəsizlik arxitekturası müzakirə edilmədən mümkün olmayacağını düşünürlər.

Kuşner danışıqların ilk gününü konstruktiv adlandırıb

Cared Kuşner noyabrın 10-da axşam saatlarında ABŞ-nin danışıqların ilk mərhələsinin nəticələrindən nikbin olduğunu bildirib. O, müzakirələri konstruktiv adlandırıb.

Rusiya, ABŞ və Ukrayna nümayəndə heyətləri arasında keçirilən ilk danışıqlar raundu təxminən 40 dəqiqəlik fasilə ilə birlikdə 4,5 saat davam edib.

İkinci raundun noyabrın 11-də Moskva vaxtı ilə saat 11:00-da başlanacağı bildirilib.

Nuri
Gundelik.az

Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.