Trampdan UNO açıqlaması: Pilotlar ona F-22-dən üç dəfə sürətli obyektlərdən danışıblar
ABŞ Prezidenti Donald Tramp Hərbi Hava Qüvvələrinin gənc və yaraşıqlı pilotlarının ona F-22 qırıcılarından üç dəfə sürətli hərəkət edən naməlum uçan obyektlər (UNO) barədə danışdıqlarını bildirib.
Gundelik.az xəbər verir ki, bu barədə “Metro” nəşri məlumat yayıb.
CBS News telekanalının “60 Minutes” proqramına müsahibəsi zamanı Trampdan onun administrasiyası dövründə ictimaiyyətə açıqlanan UNO sənədlərində şübhəli və qeyri-adi məqamların olub-olmadığı soruşulub.
ABŞ prezidenti belə nəzəriyyələrin böyük tərəfdarı olmadığını desə də, Oval kabinetdə keçirdiyi görüşlər zamanı pilotların ona “çox qəribə hadisələr” danışdıqlarını bildirib.
“Bu insanlar sui-qəsd nəzəriyyələrinin tərəfdarları deyil. Hətta bunun nə olduğunu belə bilmirlər. Amma onlar möhtəşəm, həqiqətən də möhtəşəm pilotlardır”, – deyə Tramp qeyd edib.
O, həmsöhbətlərinin xarici görünüşünə də zarafatla toxunub:
“Gənc, yaraşıqlı oğlanlardır. Saç düzümləri çox gözəl və səliqəlidir. Mən də saçlarımı onlar kimi kəsdirmək istərdim. Tom Kruz kimi mükəmməl görünürlər”.
Trampın sözlərinə görə, pilotlar ona F-22 qırıcılarının yanından bu təyyarələrdən üç dəfə yüksək sürətlə keçən naməlum obyektlər barədə danışıblar.
Prezident F-22-ni indiyədək görülmüş ən yaxşı və ən sürətli təyyarə adlandıraraq bildirib ki, pilotların təsvir etdiyi obyektlər ondan dəfələrlə sürətli hərəkət edib.
“Obyekt yumru formadadır. Aerodinamik formaya malik deyil”, – deyə Tramp əlavə edib.
ABŞ prezidenti pilotların kim olduğunu və görüşlərin nə vaxt baş verdiyini açıqlamayıb. O, həmçinin müşahidə edilən obyektin kometa ilə səhv salınmış ola biləcəyini ehtimal edib və bunun həqiqət olub-olmadığını araşdırmaq istədiyini bildirib.
Trampın bu açıqlamaları Pentaqonun UNO-larla bağlı məxfilikdən çıxarılmış sənədlərin növbəti hissəsini dərc etməsindən bir neçə həftə sonra səsləndirilib.
Həmin sənədlər arasında 2026-cı ilə aid hesabat da yer alıb. Hesabatda dağ silsiləsinin üzərində yüksələn, havada hərəkətsiz qalan, daha sonra isə qəfil sürətlənərək kanyona doğru uçan tünd üçbucaq formalı obyekt təsvir olunub.
Şahidlər obyektin üzərində mühərrik, pər və ya digər ənənəvi hərəkətverici qurğular görmədiklərini bildiriblər. Termal kameranın görüntülərində isə obyektin səthinin hər tərəfdən eyni dərəcədə qızdığı qeydə alınıb.
Qeyd edək ki, bundan əvvəl Britaniya aviaşirkətinin pilotu da mütəmadi olaraq naməlum uçan obyektlərlə qarşılaşdığını açıqlamışdı.
48 yaşlı Stiv Freyzer 2022-ci ildən bəri altı-yeddi dəfə UNO gördüyünü bildirib. Onun sözlərinə görə, bu qarşılaşmaların əksəriyyəti Belçikanın paytaxtı Brüssel üzərindəki hava məkanında baş verib.
Nuri
Gundelik.az