Şahzadə Harrinin qayınatası pedofiliya ittihamlarından sonra qocalar evinə yerləşdirilib
Böyük Britaniya şahzadəsi Harrinin qayınatası Tomas Markl böyük pedofiliya və uşaq pornoqrafiyası saxlamaq ittihamları fonunda demensiya xəstələri üçün nəzərdə tutulmuş qocalar evinə köçürülüb.
Gundelik.az xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb.
Meqan Marklın atası oktyabrın 30-da axşam saatlarında demensiyadan əziyyət çəkən insanlar üçün ixtisaslaşmış müəssisəyə yerləşdirilib. O, may ayından etibarən ABŞ-ın Florida ştatında yerləşən reabilitasiya mərkəzində müalicə alırdı. Buna səbəb onun sol ayağının aşağı hissəsinin amputasiya edilməsi olub. Nəşrin məlumatına görə, Tomas Marklın yerləşdirildiyi müəssisə yaddaş problemləri yaşayan xəstələrə qulluq üzrə ixtisaslaşıb.
Şahzadə Harrinin qayınatasına demensiya diaqnozu oğlu Tomas Markl kiçik atasının Filippindəki evində uşaqlara qarşı cinsi zorakılığı əks etdirən görüntülərin olduğu dörd qutu aşkar etdikdən sonra qoyulub.
Maliyyəçi Ceffri Epşteynin qurbanlarının hüquqlarını müdafiə edən Florida ştatından olan vəkil Spenser Kuvin bildirib ki, Tomas Marklın belə bir müəssisəyə yerləşdirilməsi FTB əməkdaşlarının onunla əlaqə saxlamasını və dindirilməsini çətinləşdirə bilər.
“Yaddaş pozuntuları olan insanlar üçün nəzərdə tutulmuş müəssisəyə sadəcə daxil olub kimisə dindirmək mümkün deyil. İstənilən təcrübəli vəkil belə bir dindirmənin nəticələrinin etibarsız hesab edilməsinə nail ola bilər. FTB də bunu çox yaxşı bilir”, - deyə Kuvin bildirib.
"Daily Mail" nəşri həmçinin Tomas Marklın Meksikanın Rosarito şəhərində icarəyə götürdüyü anbar bölməsinə giriş əldə etdiyini qeyd edib. Nəşrin məlumatına görə, orada pedofiliya haqqında kitablar, uşaqlara qarşı cinsi zorakılığa həsr olunmuş jurnallar, eləcə də çimərliklərdə gizli şəkildə çəkilmiş uşaqlara aid fotoşəkillərin neqativləri tapılıb.
Araşdırma necə başlayıb?
Tomas Markl ətrafında araşdırmalar oğlu Tomas Markl kiçiyin iyul ayında atasının kompüterlərində uşaqlara qarşı cinsi zorakılığı əks etdirən yüzlərlə görüntü aşkar etdiyini bildirməsindən sonra başlayıb.
Onun sözlərinə görə, həmin görüntülər Tomas Marklın Filippindəki evində yerləşən kompüterlərdə saxlanılıb.
Meqan Marklın atası isə ona qarşı irəli sürülən bütün ittihamları rədd edir.
Nuri
Gundelik.az