Şagirdlər süni intellekti məktəbdə öyrənəcək – Açıqlama

Şagirdlər süni intellekti məktəbdə öyrənəcək – Açıqlama

Azərbaycanda məktəblilərin süni intellekt sahəsində biliklərinin artırılması istiqamətində yeni imkan yaradılıb. “Rəqəmsal məktəb” platformasına inteqrasiya edilən “Neyron.ai” vasitəsilə şagirdlər və müəllimlər süni intellektin iş prinsiplərini, tətbiq imkanlarını və gündəlik həyatda istifadəsini öyrənə biləcəklər.

Gundelik.az xəbər verir ki, Elm və Təhsil Nazirliyi ilə Milli Süni İntellekt Mərkəzinin əməkdaşlığı çərçivəsində istifadəyə verilən platforma şagird və müəllimlər üçün ödənişsiz olacaq.

Platformada yaş xüsusiyyətləri nəzərə alınmaqla hazırlanmış mövzular, praktiki tapşırıqlar və oyun əsaslı öyrənmə elementləri yer alır. Müəllimlər isə bu imkanlardan dərs materiallarının hazırlanmasında və tədris prosesində yeni texnologiyaların tətbiqində istifadə edə bilərlər.

Məsələ ilə bağlı təhsil mütəxəssisi Anar Kazımov saytımıza açıqlama verib.

O hesab edir ki, süni intellektin məktəb təhsilinə inteqrasiyası müasir dövrün tələblərindən irəli gəlir.

"Süni intellekt şagird üçün yalnız hazır cavab əldə etmək vasitəsinə çevrilməməlidir. Əsas məqsəd bu texnologiyadan düzgün istifadə etməyi, məlumatları təhlil etməyi, müqayisə aparmağı və müstəqil nəticə çıxarmağı öyrətmək olmalıdır. Müasir təhsil sistemi artıq yalnız məlumatı yadda saxlamaq üzərində qurula bilməz. Şagirdlər qarşılaşdıqları problemlərə yaradıcı yanaşmağı, rəqəmsal alətlərlə işləməyi və əldə etdikləri bilikləri real həyatda tətbiq etməyi bacarmalıdırlar. Bu baxımdan müəllimin rolu da dəyişir. Müəllim sadəcə məlumat ötürən deyil, şagirdə düzgün istiqamət göstərən, onun tənqidi düşünmə və araşdırma bacarıqlarını inkişaf etdirən əsas fiqur olaraq qalmalıdır. Digər mühüm məsələ isə süni intellektdən istifadə zamanı informasiya təhlükəsizliyi, şəxsi məlumatların qorunması və yanlış məlumatların müəyyənləşdirilməsi bacarıqlarının aşılanmasıdır", deyə mütəxəssis qeyd edib.

Təhsil mütəxəssisinin yanaşmasına görə, texnologiya müəllimi əvəz etməməli, onun imkanlarını genişləndirməli və təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət etməlidir.

Nuri
Gundelik.az

Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.