Olivye və “Şuba” salatlarının təqdimat qaydaları dəyişdi: məşhur salatlar necə təqdim edilməlidir?
Rusiyada Yeni il süfrələrinin ənənəvi yeməkləri hesab olunan salatların hazırlanması və təqdimatı ilə bağlı yeni tövsiyələr verilib. Yeni QOST standartına əsasən, olivye, “Şuba altında siyənək”, “Mimoza” və “Stoliçnı” salatları soyuq şəkildə təqdim edilməlidir.
Gundelik.az xəbər verir ki, bu barədə “RİA Novosti” Rosstandartın materiallarına istinadən məlumat yayıb.
Yeni standart olivyənin iki variantını – tarixi və müasir formasını nəzərdə tutur. Tarixi reseptə əsasən, salat tetra quşunun əti, tərəvəzlər və marinadlardan hazırlanır. Onun büllur vaza və ya çini salat qabında təqdim edilməsi tövsiyə olunur. Müasir olivyənin hazırlanmasında isə ət, kolbasa, balıq və ya dəniz məhsullarından istifadə edilə bilər.
“Şuba altında siyənək” salatının hazırlanması üçün az duzlu və ya ədviyyatlı siyənək balığı, tərəvəzlər və sous nəzərdə tutulur. Balığın başqa duzlu balıq növü ilə əvəzlənməsinə də icazə verilir. Lakin bu dəyişiklik salatın adında mütləq qeyd edilməlidir.
QOST standartına əsasən, “Mimoza” konservləşdirilmiş balıq, baş soğan, pendir və qaynadılmış yumurtadan hazırlanan laylı salatdır. Tərkibində mayonez istifadə olunur. Balıq konservləri əvəzinə az duzlu, hisə verilmiş və ya qaynadılmış balıq, eləcə də konservləşdirilmiş balıq qaraciyərindən istifadə etmək mümkündür.
“Moskovski” salatının tərkibinə hinduşka əti və tərəvəzlər daxildir. Onlar mayonez və çalınmış qaymaqla qarışdırılır. Bundan əlavə, salata konservləşdirilmiş krab əti, xərçəng boyun hissələri, zeytun, konservləşdirilmiş meyvələr və dənəli kürü əlavə edilməsi tövsiyə olunur.
“Stoliçnı” salatının əsasını ev quşlarının və ya ov quşlarının əti, qaynadılmış kartof, xiyar, yaşıl kahı, qaynadılmış yumurta və kornişonlar təşkil edir. Yeməyin sousu kimi mayonez nəzərdə tutulur.
Xatırladaq ki, daha əvvəl qastroenteroloq Andrey Simakov olivye və “Şuba altında siyənək” salatlarını daha sağlam hazırlamaq üçün bir sıra tövsiyələr verib. Həkim mayonezin bir hissəsinin təbii yoqurtla əvəz edilməsini məsləhət görüb. O, həmçinin olivyedə kolbasa əvəzinə qaynadılmış və ya sobada bişirilmiş toyuq, donuz və ya mal ətindən istifadə etməyi tövsiyə edib.
Nuri
Gundelik.az