Buker mükafatının ən yaşlı qalibi bəlli oldu – 81 yaşlı yazıçı tarixə düşdü
Böyük Britaniyalı yazıçı M. Con Harrison 2026-cı il Buker mükafatının qalibi olub. 81 yaşlı yazıçı bu uğuru ilə mükafat tarixində ən yaşlı laureat kimi qeydə alınıb.
Gundelik.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Yazıçı bu nüfuzlu mükafata “The End of Everything” (“Hər şeyin sonu”) adlı romanına görə layiq görülüb. Əsər 198 səhifədən ibarətdir və distopik satira janrında qələmə alınıb.
Roman İngiltərənin cənub sahillərində cəmiyyətin nizamının pozulduğu, naməlum varlıqların meydana çıxdığı hadisələr fonunda cərəyan edir. Əsərin əsas qəhrəmanları Filip Tennent və onun yaşlı xalası Marnidir.
Münsiflər heyəti romanı müasir dövrün problemlərini gələcəyin prizmasından təqdim edən, oxucunu düşündürən və eyni zamanda gözlənilməz nikbinlik yaradan əsər kimi qiymətləndirib.
Mükafatın təqdimetmə mərasimində çıxış edən Harrison əsərin 2008-ci il maliyyə böhranından ilhamlandığını bildirib. Yazıçı romanında fəlakət və qeyri-müəyyənlik şəraitində insanların həyatlarını necə davam etdirdiklərini araşdırıb.
Qeyd edək ki, M. Con Harrison təxminən altı onillikdir ədəbiyyatla məşğuldur. O, fantastika və elmi-fantastika janrlarında yazdığı əsərlərlə tanınır. 2026-cı il Buker mükafatının qalibi kimi 50 min funt sterlinq pul mükafatı da əldə edib.
Nuri
Gundelik.az