“Real TV”nin əməkdaşlarının döyülməsi ilə bağlı açıqlama verildi

“Real TV”nin əməkdaşlarının döyülməsi ilə bağlı açıqlama verildi

Bakı şəhəri Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbdə şagirdin həyatını itirməsi ilə nəticələnmiş faciəli hadisə və bundan sonra yaranmış insident cəmiyyətdə narahatlıq və ictimai müzakirələr doğurub.

Gundelik.az xəbər verir ki, bu barədə Mətbuat Şurasının yaydığı bəyanatda qeyd edilir.

Bildirilib ki, belə hadisələr təbii olaraq ictimaiyyətin diqqət mərkəzində olur, baş verənlərin səbəbləri, məsuliyyət məsələləri və gələcəkdə oxşar halların qarşısının alınması ilə bağlı suallar yaradır. Bu baxımdan media nümayəndələrinin olayla maraqlanmaları, ictimaiyyətin informasiya ehtiyacının qarşılanmasına çalışmaları jurnalist missiyanın tərkib hissəsidir.

“Azərbaycan Mətbuat Şurası “Real TV”nin əməkdaşlarının qeyd olunan hadisə ilə bağlı peşə fəaliyyətlərini həyata keçirərkən fiziki təzyiqlə üzləşmələrini yolverilməz hesab edir. Şura bildirir ki, jurnalistlərin qanuni peşə fəaliyyətinə maneələrin yaradılması, onlara qarşı fiziki güc tətbiqi və ya təhdidlər qəbuledilməzdir. Hər hansı mübahisə və narazılıq yarandığı halda belə, məsələnin həlli zorakılıqla deyil, qanunvericiliyin tələblərinə və qarşılıqlı hörmət prinsiplərinə uyğun şəkildə həyata keçirilməlidir.Azərbaycan Mətbuat Şurası eyni zamanda vurğulayır ki, jurnalistlərin peşə fəaliyyətlərinin sərbəstliyi və ictimaiyyətin informasiya əldə etmək hüququ ilə yanaşı, faciəli hadisələrin işıqlandırılmasında, xüsusilə azyaşlılar və yeniyetmələrin iştirakı ilə bağlı insidentlər zamanı peşə etikası və xüsusi həssaslıq prinsipləri ciddi şəkildə gözlənilməlidir.

Mətbuat Şurası ümid edir ki, baş vermiş insidentin bütün halları obyektiv və hərtərəfli araşdırılacaq, hadisə iştirakçılarının hərəkətlərinə hüquqi qiymət veriləcəkdir”, – deyə əlavə edilib.

Xatırladaq ki, 225 saylı orta məktəbdə jurnalistlərə hücum ötən gün məktəbin 7-ci sinif şagirdinin dərs zamanı pəncərədən yıxılması ilə bağlı əraziyə gələn televiziya çəkiliş qruplarının iştirakı ilə baş verib.Məlumata görə, məktəbin həyətində jurnalistlərlə bir qrup şəxs arasında qarşıdurma yaranıb. İnsident zamanı REAL TV-nin operatoru və stajoru döyülərək müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Həmçinin “Space” telekanalının əməkdaşının da döyüldüyü bildirilir.

Faktla əlaqədar polis tərəfindən saxlanılanların olduğu bildirilir, hazırda araşdırma aparılır.

Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.