Ədəbiyyatda yeni mərhələ: Süni intellektin köməyi ilə yazılan əsərlərə xüsusi mükafat veriləcək
Fransada süni intellektin köməyi ilə yaradılan ədəbi əsərləri mükafatlandırmaq üçün yeni müsabiqə təsis edilib. “Prix Pascal” adlanan mükafat ədəbiyyat və süni intellekt arasındakı münasibətləri yenidən gündəmə gətirib.
Gundelik.az xəbər verir ki, bu barədə “Le Monde” nəşri məlumat yayıb.
Yeni mükafatın əsas şərtlərinə görə, müsabiqədə iştirak edən müəlliflər fransız dilində, əvvəllər nəşr olunmamış və 300 min simvol həcmində əsər təqdim etməlidirlər. Onlar həmçinin yazı prosesində hansı süni intellekt modellərindən istifadə etdiklərini açıqlamalı və yaradıcılıq prosesini izah etməlidirlər.
Münsiflər heyətinə fransız esseist Jak Attali rəhbərlik edir. Təşkilatçılar layihənin məqsədinin insan yaradıcılığını süni intellektlə əvəzləmək deyil, texnologiyanın ədəbi imkanlarını araşdırmaq olduğunu bildirirlər.
Mükafatın yaradılması yazıçılar və nəşriyyat nümayəndələri arasında fərqli fikirlərə səbəb olub. Bəzi ədəbiyyat nümayəndələri süni intellektdən yaradıcı vasitə kimi istifadəni mümkün hesab etsələr də, digərləri bunun müəllif hüquqları və ədəbi orijinallıq baxımından problemlər yarada biləcəyini düşünürlər.
Yeni təşəbbüs müasir ədəbiyyatda müəlliflik anlayışının gələcəyi ilə bağlı müzakirələri daha da gücləndirib.
Nuri
Gundelik.az