Britaniyalı alim 60 min taxtabiti saxlayır və onlarla birlikdə yatır – Səbəbi təəccübləndirdi

Britaniyalı alim 60 min taxtabiti saxlayır və onlarla birlikdə yatır – Səbəbi təəccübləndirdi

Britaniyalı entomoloq Riçard Neylor 60 min taxtabiti saxladığını və onların dişləmələrini öz üzərində araşdırdığını açıqlayıb.

Gundelik.az xəbər verir ki, bu barədə “Metro” nəşri məlumat yayıb.

45 yaşlı Neylor həşəratları öz bağçasında yerləşən laboratoriyada saxlayır. O, elmi araşdırmalar naminə hətta taxtabitiləri öz qanı ilə qidalandırdığını etiraf edib. Həftədə iki dəfə ac həşəratların olduğu xüsusi qabları qollarına bağlayır və onlar qanını sorarkən işini davam etdirir.

Bundan əlavə, alim taxtabitilərlə birlikdə yatmağa da alışıb. Neylor bildirib ki, insanların iştirakı olmadan yeni qurğuları və həşəratqovucu vasitələri sınaqdan keçirmək mümkün deyil. Taxtabitilər yalnız yaxınlıqda istilik hiss etdikdə və insanın nəfəsindən ayrılan karbon qazını duyduqda aktivləşirlər.

Entomoloqun sözlərinə görə, uzun illər ərzində onu “milyonlarla və milyonlarla dəfə” dişləyiblər.

“Mən artıq dişləmələrə reaksiya vermirəm. Görünür, taxtabitilərə qarşı reaksiyanı itirmək üçün təxminən 40 min dişləmə tələb olunur. Mən isə bu həddə on ildən çox əvvəl çatmışam”, – deyə o bildirib.

Neylor 2001-ci ildən etibarən taxtabitiləri araşdırır. O, həmin vaxtdan bəri təxminən dörd dəfə təsadüfən öz evinə taxtabiti yaydığını da etiraf edib.

“Düşünürəm ki, demək olar, hər gün onlarla işlədiyimizi nəzərə alsaq, bu, o qədər də pis deyil”, – deyə alim fikrini yekunlaşdırıb.

Qeyd edək ki, daha əvvəl avstraliyalı tədqiqatçı Veronika Paris də hər gün ağcaqanadların onu 250-500 dəfə dişləməsinə icazə verdiyini açıqlamışdı. Qadın bildirib ki, bunun üçün sadəcə qollarını həşəratların saxlandığı xüsusi laboratoriyaya salır və koloniya doyuncaya qədər təxminən 15-20 dəqiqə gözləyir.

Nuri
Gundelik.az

Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.