Baş Prokurorluqdan "WhatsApp" hesabları ilə bağlı vətəndaşlara XƏBƏRDARLIQ
Son günlər vətəndaşların "WhatsApp" hesablarının digər cihazlarda aktivləşdirilməsi məqsədilə birdəfəlik təsdiqləmə (OTP) kodlarının göndərilməsi halları müşahidə olunur.
Gundelik.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Baş Prokurorluğu məlumat yayıb.
Bildirilib ki, bu cür hallar istifadəçi hesablarının ələ keçirilməsinə yönəlmiş kiberhücum cəhdləri ilə əlaqəli ola bilər.
Baş Prokurorluq vətəndaşları şəxsi hesablarının təhlükəsizliyinə diqqətlə yanaşmağa, ikiaddımlı doğrulama funksiyasını aktivləşdirməyə, mürəkkəb və unikal PIN-kodlardan istifadə etməyə çağırıb.
Həmçinin birdəfəlik təsdiqləmə kodlarının heç bir halda digər şəxslərlə paylaşılmaması tövsiyə olunub.
Qurum rəqəmsal təhlükəsizliyin şəxsi məlumatların qorunmasından başladığını vurğulayıb.