ABŞ-də edamdan sağ çıxan məhkum qadının vəkilləri bu nəticəni əvvəlcədən proqnozlaşdırıbmış
ABŞ-də ölümcül inyeksiya vasitəsilə edam edilməli olan, lakin prosedurdan sağ çıxan Krista Paykın vəkilləri edamdan doqquz ay əvvəl belə bir ehtimal barədə xəbərdarlıq ediblər.
Gundelik.az xəbər verir ki, bu barədə “People” nəşri məhkəmə sənədlərinə istinadən məlumat yayıb.
2026-cı ilin yanvarında Paykın müdafiəçiləri məhkəməyə şikayət təqdim edərək onun nadir qan xəstəliyindən – mieloproliferativ yenitörəmədən əziyyət çəkdiyini bildiriblər. Vəkillərin fikrincə, trombositlərin yüksək səviyyədə olması edam proseduru zamanı məhkumda ağır ağciyər ödeminin yaranması riskini artıra bilərdi.
Məhkəməyə təqdim olunan iddiada həmçinin Paykın qan götürülməsi və iynənin yeridilməsi zamanı əvvəllər də çətinliklərlə üzləşdiyi qeyd olunub. Müdafiə tərəfi xüsusi iynələrdən istifadə edilməsini və mümkün ağırlaşmalar zamanı reanimasiya tədbirlərinin əvvəlcədən nəzərdə tutulmasını tələb edib.
Vəkillər hələ həmin vaxt xəbərdarlıq ediblər ki, prosedur zamanı yarana biləcək gecikmə məhkumun “lazımsız və əlavə əzab, dəhşət və alçaldılma” yaşamasına səbəb ola bilər.
Qeyd edək ki, Krista Payk 1995-ci ildə törədilmiş qətl hadisəsinə görə ölüm hökmünə məhkum edilib. Sentyabrın 30-da ona sakitləşdirici preparatın iki dozası inyeksiya edilib. Lakin ölümcül doza tətbiq edilməsinə baxmayaraq, qadın sağ qalıb.
Uğursuz edam cəhdindən sonra Payk fasiləsiz fiziki ağrılar və ağır mənəvi iztirablar yaşadığını bildirib.
Nuri
Gundelik.az