Venesuela hakimiyyəti beynəlxalq narkotik ticarəti ilə əlaqəli olduğu iddia edilən gizli uçuş-enmə zolağının məhv edildiyini açıqlayıb.
Gundelik.az xəbər verir ki, Bolivar Milli Polis Təşkilatının (PNB) məlumatına görə, əməliyyat ölkənin Şahin əyalətinin kənd ərazisində həyata keçirilib. Bildirilib ki, narkotik qaçaqmalçılığına xidmət edən və təyyarələrin qalxıb-enməsinə imkan verən, təxminən 500 metr uzunluğunda olan uçuş zolağı istifadəsiz vəziyyətə salınıb. Qeyd olunub ki, bölgədə narkotik kartellərinə qarşı əməliyyatlar qətiyyətlə davam etdiriləcək.
Müdafiə naziri Vladimir Padrino Lopez dövlət televiziyasına açıqlamasında Venesuelanın Karib dənizi və Atlantik cəbhəsində yerləşən 5 ştatda hərbi varlığını gücləndirəcəyini bildirib. Onun sözlərinə görə, bu addım prezident Nikolas Maduronun göstərişi ilə atılıb və əməliyyatların əsas hədəfi Kolumbiya sərhədində fəaliyyət göstərən narkotik kartelləridir. Lopez, Apure əyalətində əməliyyatların davam etdiyini vurğulayaraq, “Heç kim bizim yerimizə bu işi görməyəcək. Heç kim bu torpaqlara ayaq basa bilməz”, – deyə xəbərdarlıq edib.
Vitse-prezident Delcy Rodriguez isə ABŞ-nin Karib dənizindəki hərbi mövcudluğu ilə bağlı açıqlama verib: “Venesuelaya qarşı ciddi təhdidlərin olduğunu bilirik. Ölkəmizə hücumlar var, amma istehsal prosesimizi dayandırmaq mümkün deyil”, – deyə qeyd edib.
Qeyd edək ki, ABŞ administrasiyası uzun müddətdir Venesuela rəhbərliyini narkotik qaçaqmalçılığı ilə əlaqələndirir. ABŞ Maliyyə Nazirliyi iyulun 25-də Maduronun rəhbərlik etdiyi iddia edilən “Cartel de los Soles”i Xüsusi Təyin olunmuş Qlobal Terrorçu təşkilat kimi tanıyıb. Vaşinqton Maduronun həbsi və ya məhkum edilməsinə səbəb olacaq məlumat müqabilində 50 milyon dollarlıq mükafat təklif edib.
Prezident Maduro isə ABŞ-nin mümkün müdaxiləsi ilə bağlı açıqlamasında ölkəsinin ərazi bütövlüyünü qorumağa davam edəcəyini bildirib: “Biz dənizlərimizi, səmalarımızı və torpaqlarımızı müdafiə edirik. Heç bir imperiya Venesuelanın müqəddəs torpaqlarına toxuna bilməz”, – deyə o vurğulayıb.
Xatırladaq ki, avqustun 28-də ABŞ Prezidenti Donald Trampın göstərişi ilə Venesuelanın Karib dənizi sahillərinə sualtı qayıq və hərbi dəniz qüvvələri göndərilib.
Gundelik.az

