Çin hakimiyyəti Yaponiyanın parlamentinin yuxarı palatasının üzvü, etnik çinli Hei Sekiyə (Şi Pinq) qarşı şəxsi sanksiyalar tətbiq edib.
Gundelik.az Çin Xarici İşlər Nazirliyinin mməlumatına istinadən xəbər verir ki, Hei Seki Tayvan, Diaoyu adaları, tarixi məsələlər, eləcə də Sincan, Tibet və Honq Konqda baş verən hadisələrlə bağlı yalan məlumatlar yaymaqda ittiham olunur. Nazirlik bəyan edib ki, bu addımlar Çinin daxili işlərinə müdaxilə, ölkənin suverenliyi və ərazi bütövlüyünə ciddi zərbə kimi qiymətləndirilir.
Bildirilib ki, Hei Seki Yasukuni məbədini açıq şəkildə ziyarət etməklə Çin və Yaponiya arasında əldə olunmuş razılaşmaları pozub. O, həmçinin “vahid Çin” prinsipini qəbul etmir.
Sanksiyalar çərçivəsində Hei Seki və ailəsinin Çinə, o cümlədən Honq Konq və Makaoya girişi qadağan olunub. Onun Çin ərazisindəki bütün daşınar və daşınmaz əmlakı dondurulub. Həmçinin, Çindəki təşkilat və şəxslərə yapon deputatla əməkdaşlıq və ya sövdələşmə aparmaq qadağan edilib.
Qeyd edək ki, iyulun 13-də Çin Müdafiə Nazirliyinin sözçüsü Yaponiyanın hərbi təyyarələrinin və dəniz kəşfiyyat fəaliyyətlərinin bölgədə havada və dənizdə təhlükə yaratdığını bildirmişdi. Bundan əvvəl isə Çin dəniz polisi Yaponiyaya məxsus gəmini mübahisəli adaların sularından uzaqlaşdırmışdı.
Gundelik.az

