Gundelik.az Dünya Atlantikada 1,7 ton kokain daşıyan sualtı qayıq ələ keçirildi
Dünya Xəbərlər

Atlantikada 1,7 ton kokain daşıyan sualtı qayıq ələ keçirildi

Portuqaliya hakimiyyəti Atlantik okeanının ortasında 1,7 tondan çox kokain daşıyan “narko-sualtı qayıq”ı ələ keçirib.

Gundelik.az xarici mediaya istinadən xəbər verir ki, yarı batmış gəmi Pireney yarımadasına doğru hərəkət edərkən Portuqaliya donanması və ədliyyə polisinin birgə əməliyyatı nəticəsində saxlanılıb.

Əməliyyat zamanı qayıqda olan dörd Cənubi Amerikalı ekipaj üzvü həbs edilib. Onlardan ikisinin Ekvador, birinin Venesuela, digərinin isə Kolumbiya vətəndaşı olduğu açıqlanıb. Şübhəlilər Azor adalarında məhkəmə qarşısına çıxarılıblar.

Portuqaliya Narkotik və Terrorla Mübarizə Departamentinin rəhbəri Vitor Ananias bildirib ki, müxtəlif millətlərdən olan şəxslərin iştirakı cinayətkar şəbəkənin beynəlxalq xarakter daşıdığını göstərir.

Lissabonda yerləşən Dəniz Təhlili və Əməliyyat Mərkəzi (MAOC) əməliyyatdan əvvəl Avropaya kokain daşımaq üçün sualtı qayıq göndərməyə hazırlaşan cinayətkar təşkilat barədə kəşfiyyat məlumatı əldə etdiklərini bildirib. Daha sonra Portuqaliya donanmasının gəmisi Lissabondan təxminən 1000 dəniz mili (təqribən 1850 km) məsafədə qayıqla qarşılaşıb. Əməliyyata Böyük Britaniyanın Milli Cinayət Agentliyi (NCA) və ABŞ Narkotiklərlə Mübarizə İdarəsi (DEA) dəstək verib.

Portuqaliya donanmasının məlumatına görə, gəmini limana gətirmək mümkün olmayıb, çünki açıq dənizdə hava şəraiti kəskin pisləşib və gəminin gövdəsi çox kövrək olub. Ananias bildirib ki, belə şəraitdə gəmidə qalmaq son dərəcə təhlükəlidir:
“Yüksək dalğalar, buxarlı mühit və dar şərait 15-20 gün sonra ekipaj üçün dözülməz olur. Onların tək istəyi oradan çıxmaq idi”, – deyə o qeyd edib.

Rəsmilər son illərdə oxşar “narko-sualtı qayıq”ların sayının artdığını bildirirlər. Mart ayında da Lissabondan 1200 dəniz mili uzaqlıqda 6,5 ton kokain daşıyan başqa bir sualtı qayıq ələ keçirilmişdi.

Digər tərəfdən, ABŞ prezidenti Donald Trampın administrasiyası Karib dənizində narkotik qaçaqmalçılığı ilə məşğul olan gəmilərə qarşı hərbi əməliyyatları gücləndirib. Ötən həftə ABŞ-ın hava hücumu nəticəsində 3 nəfərin həlak olması beynəlxalq narazılığa və Latın Amerikası ölkələrinin etirazına səbəb olub.

Gundelik.az

Exit mobile version