Gundelik.az Mədəniyyət və cəmiyyət Yeni araşdırma: elektron siqaretlər diabet riskini artırır
Mədəniyyət və cəmiyyət Xəbərlər

Yeni araşdırma: elektron siqaretlər diabet riskini artırır

ABŞ-nin Corciya Universitetində aparılan yeni araşdırma elektron siqaretlərin sağlamlıq üçün gözlənildiyindən daha ciddi risklər daşıdığını ortaya qoyub.

Gundelik.az xəbər verir ki, tədqiqat nəticələrinə əsasən, siqaret çəkən, elektron siqaret istifadə edən və ya hər ikisindən yararlanan şəxslərdə diabet və prediyabet inkişaf riski əhəmiyyətli dərəcədə yüksəlir.

Araşdırmanın aparıcı müəllifi, PhD tələbəsi Sulakshan Neupane bildirib ki, elektron siqaretlər çox vaxt “daha təhlükəsiz alternativ” kimi təqdim edilsə də, nəticələr bu cihazların metabolik sağlamlığa zərər verə və insulin müqavimətini artıra biləcəyini göstərir.

Tədqiqatda 1,2 milyon insanın məlumatları təhlil edilib. Nəticələrə görə, yalnız elektron siqaretdən istifadə edən şəxslərdə prediyabet riski 7 faiz, ənənəvi siqaret çəkənlərdə 15 faiz, həm siqaret, həm də elektron siqaretdən istifadə edənlərdə isə 28 faiz artıb.

Mütəxəssislər bildirirlər ki, bu artım kiçik görünsə də, ABŞ miqyasında hər il əlavə 7000 prediyabet hadisəsinə səbəb olur.

Araşdırma həmçinin Qara və Latın icmalarının, eləcə də aşağı gəlirli insanların diabet və prediyabetə daha çox meyilli olduğunu müəyyən edib. Obez və artıq çəkili şəxslərdə də riskin yüksəldiyi qeyd olunub.

“Düşük gəlirli insanlar çox vaxt streslə mübarizə aparmaq üçün siqaret və ya spirtə müraciət edirlər. Bu isə diabet riskini artıran zərərli bir dövr yaradır,” – deyə Neupane vurğulayıb.

Tədqiqat nəticələrinə əsasən, müntəzəm idman edən siqaret çəkənlərdə prediyabet riski 8 faiz azalır. Mütəxəssislər fiziki aktivliyin diabetin qarşısının alınmasında mühüm qoruyucu rol oynadığını bildiriblər.

“Bu nəticələr siqaretdən istifadəni azaltmaq və diabetlə mübarizəni gücləndirmək üçün ictimai səhiyyə siyasəti baxımından böyük əhəmiyyət kəsb edir”, – deyə Neupane əlavə edib.

Gundelik.az

Exit mobile version