Venesuela Prezidenti Nikolas Maduro, Birləşmiş Millətlər Təşkilatının (BMT) İsrailin Qəzzada həyata keçirdiyi hücumları dayandırmaqda aciz qaldığını bildirərək, “BMT ölümcül yara aldı” deyib.
Gundelik.az xəbər verir ki, ölkəsinin xüsusi televiziya kanalına müsahibəsində cari hadisələri dəyərləndirən Maduro BMT-nin İsrailin Qəzzaya hücumlarını dayandırmaq üçün kifayət qədər təsirli addımlar atmadığını vurğulayıb.
O, Fələstin xalqına qarşı törədilən qırğın və soyqırımı pisləyib: “Hər dəfə yemək axtaran fələstinli uşaqların üzərinə bomba düşəndə, əslində bu bomba BMT Baş Assambleyasının üzərinə düşür. İsrail Baş naziri Benyamin Netanyahunun atdığı bombalar və raketlər BMT Baş katibi Antonio Quterreşin ofisinə düşür”.
Maduro, həmçinin Beynəlxalq Ədalət Məhkəməsinin də dünyada baş verən qətliamlar qarşısında adekvat reaksiya verə bilmədiyini bildirib: “Hər gün uşaqlar aclıqdan ölür, bombalar altında qətlə yetirilir, jurnalistlər birbaşa hədəfə alınır. Yeni dünya nizamında bu qurumların islah ediləcəyinə ümid edərək səsimizi maksimum yüksəldirik”.
Venesuela lideri ABŞ administrasiyasının iqtisadi siyasətinə də toxunaraq Vaşinqtonun dünyanı iqtisadi cəhətdən özündən asılı vəziyyətə salmağa çalışdığını qeyd edib.
Gundelik.az

