BMT-nin baş katibi Antonio Quterreş Sudandakı müharibənin nəzarətdən çıxdığını bəyan edib.
Gundelik.az xarici mediaya istinadən xəbər verir ki, Qətərdə keçirilən BMT sammitində çıxış edən Quterreş Afrikanın şimal-şərqində yerləşən Sudandakı vəziyyətin son dərəcə ağır olduğunu bildirib. O, Darfur bölgəsindəki Faşir şəhərinin Sürətli Dəstək Qüvvələrinin (HDK) nəzarətinə keçməsini xatırladaraq, müharibənin “dünyanın ən ciddi humanitar böhranlarından birinə” çevrildiyini vurğulayıb.
“Yüz minlərlə dinc sakin mühasirə altındadır. İnsanlar aclıqdan, xəstəlikdən və zorakılıqdan ölürlər. Sudana daha çox silahın daxil olmasının qarşısı alınmalıdır”, – deyə BMT baş katibi qeyd edib.
Quterreş döyüşən tərəfləri dərhal atəşkəsə çağırıb və beynəlxalq ictimaiyyəti müharibənin dayandırılması üçün səyləri birləşdirməyə səsləyib: “Sudanda atəşkəsə təcili ehtiyac var. Bu dözülməz qətliam dayandırılmalıdır. Cinayətlərin miqyası o qədər böyükdür ki, məsuliyyət mexanizmlərinin yaradılması vacibdir”.
Xatırladaq ki, Sudanda 2023-cü il aprelin 15-dən etibarən ordu ilə xaricdən dəstəklənən HDK arasında ağır döyüşlər gedir. Son günlər Darfur bölgəsinin ən böyük şəhəri Faşirdə toqquşmalar daha da şiddətlənib. Qeyri-hökumət təşkilatlarının məlumatına görə, HDK qüvvələri şəhərdə mülki əhaliyə qarşı zorakılıq törədir, sakinləri məcburi köçürür və çoxsaylı insan haqları pozuntularına yol verir.
Gundelik.az

