Gundelik.az Dünya Yunanıstanda meşə yanğınları səbəbindən səhiyyə müəssisələri təxliyə edildi
Dünya Xəbərlər

Yunanıstanda meşə yanğınları səbəbindən səhiyyə müəssisələri təxliyə edildi

Yunanıstanın müxtəlif bölgələrində davam edən meşə yanğınları səbəbindən Ahaia və Preveza əyalətlərində bir sıra səhiyyə müəssisələri boşaldılıb.

Gundelik.az xarici mediaya istinadən xəbər verir ki, Səhiyyə naziri Adonis Georgiadis bildirib ki, Ahaia bölgəsində yerləşən Kato Ahaia Sağlamlıq Mərkəzi bütün bölgənin təxliyə qərarına əsasən işçiləri və xəstələri ilə birlikdə köçürülüb.

Yunan mətbuatının məlumatına görə, Prevezanın Thesprotiko rayonundakı sağlamlıq mərkəzi də boşaldılaraq xəstələr Arta və Preveza xəstəxanalarına yerləşdirilib.

Digər tərəfdən, Saqqız adasındakı xəstəxanada yanğının söndürülməsi zamanı xəsarət alan və tüstüdən zəhərlənən iki nəfərə təcili tibbi yardım göstərilib.

Yunanıstan Yanğınsöndürmə Xidmətinin sözçüsü Vasilis Vatrakoyannis yerli televiziya proqramında son 48 saatda 152 yeni kənd təsərrüfatı və meşə yanğınının baş verdiyini açıqlayıb. Onun sözlərinə görə, yüksək temperatur, aşağı rütubət və güclü külək yanğınların sürətlə yayılması üçün son dərəcə təhlükəli şərait yaradıb.

Hazırda yanğın bölgələrində 4 850 yanğınsöndürən və 62 hava vasitəsi gün batana qədər söndürmə işlərinə cəlb olunub.

Vatrakoyannis vətəndaşlara səlahiyyətli qurumların göstərişlərinə ciddi əməl etmələri çağırışını edərək, yaxın günlərdə vəziyyətin daha da çətinləşəcəyini bildirib.

Gundelik.az 

Exit mobile version