Avqust 27, 2026
Baku
Mədəniyyət və cəmiyyət Xəbərlər

Uzun səfərlərdə gizli təhlükə: Ağciyər trombu

Pulmonar emboliya, yəni ağciyər damarlarının qan laxtası ilə tutulması, infarkt və insultdan sonra ən çox rast gəlinən damar xəstəliklərindən biridir. Həyat üçün təhlükəli ola bilən bu vəziyyət xüsusilə uzun müddət hərəkətsiz qaldıqda meydana çıxır.

Avtomobil, avtobus və ya təyyarə ilə uzun səfərdən sonra ayaqlarda ağrı, qəfil nəfəs darlığı, sinə ağrısı, ürəkdöyünmə kimi əlamətlər sadəcə yol yorğunluğu deyil. Öskürəklə qan gəlməsi və huşunu itirmə də pulmonar emboliyanın əlamətləri arasında yer alır.

Qan laxtası ağciyərlərə necə çatır?

Pulmonar emboliya əsasən ayaqların dərin venalarında yaranan laxtanın qoparaq ağciyər arteriyalarını tutması nəticəsində inkişaf edir. Laxtanın ölçüsündən və yerləşdiyi yerdən asılı olaraq əlamətlər bir neçə gün və ya həftə ərzində ortaya çıxır.

Kimlər daha çox risk altındadır?

Ayaq sınıqları, son 3 ayda ürək çatışmazlığı və ritm pozğunluğu səbəbilə xəstəxanaya yerləşdirilmə, bud və ya diz protezi əməliyyatı kimi hallar riski əhəmiyyətli dərəcədə artırır.

Bundan başqa, xərçəng xəstələri, yeni doğuş etmiş qadınlar, hormonal preparatlardan istifadə edənlər, genetik meyilliliyi olanlar və piylənmə problemi yaşayanlar da risk qrupundadır.

Xüsusilə 4 saat və daha uzun müddət hərəkətsiz qalmağa səbəb olan səfərlər ayaqlarda qan dövranını zəiflədərək laxta yaranması riskini təxminən iki dəfə artırır.

Uzun səfərlərdə nələrə diqqət etmək lazımdır?

Risk qrupunda olan şəxslərə mümkün qədər uzun müddət hərəkətsiz qalmamaq tövsiyə olunur. Avtomobillə səyahət zamanı müntəzəm fasilələr vermək, avtobus və təyyarədə isə imkan olduqca ayağa qalxıb hərəkət etmək vacibdir.

Müalicə mümkündür

Pulmonar emboliya müalicə oluna bilən xəstəlikdir. Müalicədə əsasən qan durulaşdırıcı preparatlardan istifadə edilir. Bu dərmanların əsas məqsədi yeni laxtaların yaranmasının qarşısını almaqdır. Həyati təhlükə yaradan ağır hallarda isə laxtanın daha sürətli əridilməsinə yönəlmiş müalicələr tətbiq olunur.

 

Mənbə:TRT Haber

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az