İyul 8, 2026
Baku
Dünya

Tramp administrasiyası əcnəbi tələbələr üçün yeni məhdudiyyətlər təklif edir

ABŞ Prezidenti Donald Tramp administrasiyası əcnəbi tələbələrin ölkədə qalma müddətini məhdudlaşdıran yeni qaydalar layihəsini açıqlayıb.

Bu barədə Gundelik.az xarici mediaya istinadən xəbər verir.

Mövcud qaydalara əsasən, F vizası ilə təhsil alan tələbələr oxuduqları müddətdə hər hansı müddət məhdudiyyəti olmadan ABŞ-da qala bilirdilər. Yeni tənzimləməyə görə isə bu müddət maksimum 4 illə məhdudlaşdırılacaq və proqramın müddətini aşmamalıdır. Təhsilini başa vuran tələbələr isə ya ölkədə qalmaq üçün statuslarını yeniləməli, ya da 60 gün ərzində ABŞ-ı tərk etməlidirlər.

Qayda yalnız tələbələrə deyil, həm də mədəni mübadilə proqramlarının iştirakçılarına və xarici media nümayəndələrinə şamil olunacaq. Xarici media əməkdaşlarının ölkədə maksimum qalma müddəti 240 gün müəyyənləşdiriləcək və yalnız eyni müddətə uzadıla biləcək.
ABŞ Daxili Təhlükəsizlik Departamentinin sözçüsü bildirib ki, əvvəlki administrasiyalar əcnəbi tələbələrə və digər viza sahiblərinə qeyri-müəyyən müddətə qalmaq imkanı verirdi. Bu isə həm təhlükəsizlik riskləri, həm də vergi ödəyiciləri üçün əlavə yük yaradırdı. Onun sözlərinə görə, yeni qaydalar beynəlxalq tələbələrə nəzarəti gücləndirəcək və sui-istifadə hallarının qarşısını alacaq.

Son aylarda tələbə vizalarına nəzarət daha da sərtləşdirilib. Yalnız bu il 6 mindən çox tələbə vizası ləğv olunub. Rəsmi məlumatlara əsasən, vizaların ləğvi əsasən viza müddəti bitdikdən sonra ölkədə qalmaq, cinayət törətmək, sərxoş vəziyyətdə avtomobil idarə etmək və “terrorçuluğa dəstək” kimi hallarla bağlıdır.

Nazirlikdən bildirilib ki, vizaların ləğvi halları ötən illə müqayisədə təxminən dörd dəfə artıb. Bundan əlavə, iyun ayında ABŞ-ın xarici nümayəndəliklərinə göndərilən göstərişdə tələbə vizası müraciətlərinə qiymət verərkən “Amerika xalqına, hökumətinə, institutlarına və prinsiplərinə qarşı düşmənçilik münasibəti”nin də nəzərə alınacağı vurğulanıb.

Yeni qaydaların qüvvəyə minməsi minlərlə əcnəbi tələbənin ABŞ-dakı hüquqi statusuna ciddi təsir göstərəcək.

Gundelik.az