ABŞ hakimiyyəti 150 ölkədən məhsula gömrük dəyərinin 10-15 faizi həcmində idxal rüsumları tətbiq etmək niyyətindədir.
Gundelik.az “Real America’s Voice”a istinadən xəbər verir ki, nunu ABŞ prezidenti Donald Tramp deyib.
Ağ Ev rəhbəri qeyd edib ki, məsələ qoruyucu rüsumlardan təsirlənməmiş nisbətən kiçik ölkələrə aiddir: “Böyük ehtimalla, ABŞ-nin bu ölkələrin məhsullarına tətbiq etdiyi gömrük tarifləri 10 və ya 15 faiz təşkil edəcək. Bundan sonra dünyada praktiki olaraq məhsullarına idxal rüsumları tətbiq olunmayan ölkə qalmayacaq”.
Aprelin əvvəlində ABŞ hakimiyyəti ABŞ bazarına daxil olan 185 ölkədən məhsullar üçün yeni gömrük tarifləri sistemini tətbiq edib. Faizlərin artması ABŞ-nin bir sıra ölkələrlə, o cümlədən Çinlə ticarətində əhəmiyyətli disbalansa səbəb olub. Əsas tarif 10 faiz idi, lakin Vaşinqtonun bir çox əsas tərəfdaşları üçün bu, bir neçə dəfə yüksək idi. Nəticədə ikinci rübün sonunda ABŞ büdcəsinə 47 milyard dollar əlavə gəlir daxil olub.
Ağ Evin rəhbəri tarif məsələsində 90 günlük fasilə verib, çünki onun sözlərinə görə, insanlar çaxnaşmaya başlayıb. Tramp xəbərdarlıq edib ki, Birləşmiş Ştatlar və tərəfdaşları müəyyən edilmiş vaxt ərzində tariflərlə bağlı kompromis razılaşmasına nail olmasalar, artan idxal dərəcələri yenidən qüvvəyə minəcək. Xüsusilə də Avropa İttifaqı (Aİ) ilə danışıqlarda çətinliklər müşahidə olunur. Bu səbəbdən Tramp avqustun 1-dən etibarən Aİ mallarına 30% rüsum tətbiq etmək qərarına gəlib.
Avropa ticarət komissarı Maroş Şefçoviç də öz növbəsində bu yaxınlarda Aİ-nin cavab tədbirləri altına düşəcək Amerika mallarının yenilənmiş siyahısını təqdim edib. O, onların ümumi dəyərini 70 milyard avro qiymətləndirib.
Gundelik.az

