Podkast ağsaqqallarımızın və ağbirçəklərimizin tənqidə tuş gəlməsi nə dərəcədə doğru yanaşmadır?
Kütlələrə hazır cavablar lazımdır. Kütlə onun yerinə düşünən, qərar verən adamları bir vaxtlar peyğəmbər tituluyla şərəfləndirirdi, bu gün blogger, tiktoger, influenser və s. ünvanlarla ucaldır.
Peyğəmbərlər yazmırdılar, danışırdılar, podkast üləmaları da yazmırlar, danışırlar. Burada əsas olan kütlənin dilini tapmaqdır. Bu dili tapandan sonra istənilən mövzuda üyüdüb-tökmək mümkündür.
Çünki özü-özlüyündə kütlənin yalnız dili var, mövzusu yoxdur. Dil kütlə üçün ünsiyyət vasitəsidir, düşünmək üçün deyil, düşünmədən xilas etmək üçündür.
Podkast ağsaqqalı və ağbirçəyi öz kütləsini düşünmə əziyyətindən xilas edir. Onu mənaların düşünmək, nəticə çıxarmaq mürəkkəbliyinin əlindən alır.
Kütlə ünsiyyətin bəsitliyindən zehni həzz alır. Ona görə canlı ünsiyyətin acgözüdür. Sərmayəsini yazılı ədəbiyyata deyil, canlı meyxanaya yatırır, çünki meyxana mənadan arındırılmış ədəbiyyatdır. Meyxanada mənanın yerini bədiiləşdirilmiş bəsit informasiya tutur.
Podkast ağsaqqalı və ağbirçəyi qafiyəsiz meyxana deyir.
Məna axtarışında olan şəxs özünü bu internet folkloruna bulaşdırmamalıdır. Bulaşdırıbsa, şikayət etməməlidir.
Niyə ki kütlə ölümsüzdür! Və ona hazır cavablar lazımdır.
Min il əvvəl də belə olub, bu gün də belədir, sabah da belə olacaq.
Dəyişən, sadəcə, formadır!
Şair, yazıçı, publisist Aqşin Yenisey
Gundelik.az

