Oktyabr 19, 2026
Baku
Dünya Xəbərlər

Təcili tibbi yardım təyyarəsi ilə daşınan xəstə həyatını itirdi: Təyyarənin qapısı havada açıldı

Hindistandan havaya qalxan təcili tibbi yardım təyyarəsi uçuş zamanı qapısının açılması səbəbindən Banqladeşin paytaxtı Dəkkədəki Həzrət Şahcəlal Beynəlxalq Hava Limanına təcili eniş edib.

Təyyarədə daşınan xəstə qadın təcili enişdən sonra Dəkkədə yerləşdirildiyi xəstəxanada həyatını itirib.

Təyyarənin qapısı uçuş zamanı açıldı

Gundelik.az xəbər verir ki, “The Daily Star” qəzetinin məlumatına görə, Hindistanda fəaliyyət göstərən özəl şirkətə məxsus təcili tibbi yardım təyyarəsi Tripura ştatının paytaxtı Aqartaladan havaya qalxıb.

Xəstəni Hindistanın Qərbi Benqal ştatının paytaxtı Kəlküttəyə aparan təyyarə uçuş zamanı qapılarından birinin açılması səbəbindən Banqladeşin paytaxtı Dəkkədəki Həzrət Şahcəlal Beynəlxalq Hava Limanına təcili eniş etmək məcburiyyətində qalıb.

56 yaşlı qadın xəstəxanada vəfat etdi

Təyyarədə daşınan Hindistan vətəndaşı olan 56 yaşlı qadın təcili enişdən sonra Dəkkədə xəstəxanaya yerləşdirilib. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Banqladeşin Mülki Aviasiya İdarəsinin açıqlamasında bildirilib ki, təyyarə havada olarkən kabin təzyiqinin tənzimlənməsi ilə bağlı problem yaranıb. Nəticədə əsas qapı zədələnərək qismən açılıb.

Nuri
Gundelik.az