Braziliyada 49 yaşlı kişi sosial şəbəkədə aşiq olduğu qadınla yeni həyat qurmaq üçün bütün əşyalarını sataraq 2 100 kilometr yol qət edib. Lakin xəyallarını bəzəyən qadının real insan deyil, süni intellekt vasitəsilə yaradılmış virtual obraz olduğunu öyrənib.
Gundelik.az xarici mətbuata istinadən xəbər verir ki, böyük məyusluq yaşayan kişi geri qayıtmağa pulu olmadığı üçün bələdiyyədən yardım almaq məcburiyyətində qalıb.
Sevgi uğrunda hər şeyini satdı
Braziliyanın Maranyan ştatının İmperatriz şəhərində yaşayan 49 yaşlı inşaat işçisi Edimar Roşa Martins sosial şəbəkədə Jéssica Oliveira adı ilə tanınan, “Jéssica Fazendeira” ləqəbli qadının paylaşımlarından təsirlənib. O, həmin qadınla birlikdə yaşamaq və yeni həyata başlamaq qərarına gəlib.
Qadının real insan olduğuna inanan Martins yol xərclərini qarşılamaq üçün sahib olduğu əşyaları satıb. Oktyabrın 9-da avtobusla Minas-Jerays ştatının paytaxtı Belu-Orizontiyə yola düşüb. Təxminən 2 100 kilometrlik səfərdən sonra oktyabrın 11-də şəhərə çataraq birlikdə yaşamaq istədiyi qadını axtarmağa başlayıb.
Qadını küçə-küçə axtardı
Martins özü ilə qadının fotolarını götürərək şəhərdə qarşılaşdığı insanlardan onu tanıyıb-tanımadıqlarını soruşub. Lakin heç kim axtardığı şəxsi tanımayıb.
Uzun müddət nəticə əldə edə bilməyən kişi yerli radio stansiyasından kömək istəyib. Burada ona verilən məlumat isə bütün ümidlərini puça çıxarıb.
Aşiq olduğu qadın süni intellekt vasitəsilə yaradılıbmış
Məlum olub ki, Martinsin birlikdə yaşamaq istədiyi Jéssica real insan deyil, sosial şəbəkələr üçün süni intellekt vasitəsilə yaradılmış virtual obrazdır.
300 mindən çox izləyicisi olduğu bildirilən hesabda Jéssica-nın fermada yaşadığı və ona yoldaşlıq edəcək kişi axtardığı barədə videolar paylaşılırdı.
Videoların birində virtual obraz onunla yaşamağa gələcək kişinin maddi ehtiyaclarını qarşılayacağını və artıq işləməsinə ehtiyac qalmayacağını bildirirdi. Martins də bu paylaşımlara inanaraq həmin qadının ona yeni həyat bəxş edəcəyini düşünmüşdü.
Anasının ölümündən sonra özünü tənha hiss edib
Yaşadığı hadisədən sonra açıqlama verən Martins anasının ölümündən sonra özünü tənha hiss etdiyini və buna görə həyatında yeni səhifə açmaq istədiyini söyləyib.
O, sosial şəbəkədə qarşılaşdığı qadının ona yenidən xoşbəxt ola biləcəyinə dair ümid verdiyini bildirib.
Geri qayıtmağa pulu qalmadı
Bütün pulunu səfərə xərcləyən Martins həqiqəti öyrəndikdən sonra yaşadığı yerə qayıtmaq üçün vəsaitinin olmadığını anlayıb.
Belo-Orizonti bələdiyyəsinin miqrantlara sosial dəstək göstərən bölməsinə müraciət edən kişiyə nəqliyyat yardımı ayrılıb. Bələdiyyə əməkdaşları onun şəhərdən gedə bilməsi üçün avtobus bileti təmin ediblər.
Bundan sonra Martins doğulduğu Tokantins ştatına getmək üçün yola düşüb.
Virtual obrazın hesabından açıqlama verildi
Hadisə mətbuatda yayıldıqdan sonra Jéssica adlı virtual obrazın sosial şəbəkə hesabından açıqlama paylaşılıb.
Hesabı idarə edən şəxs Jéssica-nın süni intellekt vasitəsilə yaradıldığını təsdiqləyib. Bildirilib ki, hesab kommersiya məqsədləri və izləyicilərlə qarşılıqlı əlaqəni artırmaq üçün istifadə olunur.
Açıqlamada Martinslə şəxsi ünsiyyət qurulmadığı və ona fərdi dəvət göndərilmədiyi iddia edilib. Bununla belə, Martinsin həqiqətən hesabı idarə edən şəxslə yazışıb-yazışmadığı məsələsi aydınlaşdırılmayıb.
Yaşadığı məyusluğa baxmayaraq, sevgidən ümidini üzməyib
Bütün yaşananlara baxmayaraq, Martins həqiqi sevgini tapmaq ümidini itirmədiyini bildirib. Braziliyalı kişi gələcəkdə başqa biri ilə tanış olmaq və onunla yeni həyat qurmaq istədiyini deyib.
Nuri
Gundelik.az
