Oktyabr 6, 2026
Baku
Sağlamlıq Xəbərlər

Piyli dəriyə nəmləndirici lazımdırmı? Çoxlarının etdiyi səhv – Dermatoloq Səma Məmmədlidən AÇIQLAMA

Dəriyə qulluq zamanı ən çox yayılan yanlış fikirlərdən biri də piyli dərinin nəmləndiriciyə ehtiyacı olmadığı düşüncəsidir. Üzdə yağlı parlaqlıq, genişlənmiş məsamələr və sızanaq problemi yaşayan insanlar bəzən nəmləndirici vasitələrdən tamamilə imtina edir, hətta dərinin yağlılığını azaltmaq üçün onu daha çox qurudan məhsullardan istifadə edirlər. Lakin bu yanaşma əks nəticə verə və dəri baryerinin zədələnməsinə səbəb ola bilər. Mütəxəssislərin fikrincə, piyli dəri də nəmləndirilməlidir, sadəcə bunun üçün düzgün məhsul seçilməlidir.

Estetik cərrah, dermatoloq və trixoloq Səma Məmmədli Gundelik.az-a açıqlamasında bildirib ki, piyli dəri ilə nəmli dəri eyni anlayış deyil.

Onun sözlərinə görə, dərinin yağlı görünməsi onun kifayət qədər nəmləndiyi anlamına gəlmir.

“Piyli dəri də nəmləndirilməlidir. Çünki dərinin piy ifraz etməsi onun su balansının normal olduğu demək deyil. Əksinə, piyli dəriyə qulluq zamanı nəmləndiricidən tamamilə imtina etmək dərinin qoruyucu baryerinin pozulmasına gətirib çıxara bilər. Dəri həddindən artıq qurudulduqda bəzi insanlarda kompensator olaraq piy ifrazı arta bilər. Buna görə də məqsəd dərinin bütün yağını yox etmək deyil, onun balansını qorumaqdır”, – deyə Səma Məmmədli bildirib.

Mütəxəssis qeyd edib ki, piyli dəriyə sahib insanların ən çox etdiyi səhvlərdən biri “dərim yağlıdırsa, nəmləndirici istifadə etməməliyəm” düşüncəsidir. Digər yanlış yanaşma isə dərini gün ərzində dəfələrlə yumaq və spirt tərkibli, aqressiv məhsullardan istifadə etməklə yağlılığı tamamilə aradan qaldırmağa çalışmaqdır. Belə qulluq dəridə dartınma, quruluq, qızartı və həssaslıq yarada, eyni zamanda mövcud dəri problemlərini daha da ağırlaşdıra bilər.

Səma Məmmədlinin sözlərinə görə, piyli dəri üçün nəmləndirici seçərkən məhsulun teksturasına və tərkibinə diqqət yetirmək lazımdır:

“Piyli dəriyə daha yüngül teksturalı, məsamələri tıxama ehtimalı aşağı olan və dəridə ağırlıq yaratmayan nəmləndiricilər uyğun ola bilər. Gel və ya yüngül emulsiya formasında olan məhsullar bir çox insan üçün daha rahat seçimdir. Lakin hər piyli dərinin ehtiyacı eyni deyil. Sızanaq, qızartı, həssaslıq və digər problemlər varsa, məhsul seçimi fərdi qiymətləndirilməlidir”.

Dermatoloq vurğulayıb ki, piyli dərinin düzgün qulluq rejimi yalnız nəmləndiricidən ibarət deyil. Yumşaq təmizləyici vasitədən istifadə, dərinin ehtiyacına uyğun nəmləndirmə və gündüz saatlarında günəşdən qoruyucu vasitənin tətbiqi əsas qulluq mərhələləri sırasında yer alır. Xüsusilə sızanağa meyilli dəriyə sahib olan insanların məhsul seçərkən “yağlı dərini qurudum, problem həll olunsun” yanaşmasından uzaq durması vacibdir.

Mütəxəssis onu da əlavə edib ki, piyli dəriyə qulluq zamanı istifadə olunan məhsulların sayı da həddindən artıq artırılmamalıdır. Bir neçə aktiv tərkibli vasitəni eyni vaxtda tətbiq etmək, tez-tez pilinq etmək və dərini sərt şəkildə təmizləmək qıcıqlanmaya səbəb ola bilər. Dəriyə qulluq zamanı əsas məqsəd onun yağlılığını sıfırlamaq deyil, sağlam dəri baryerini qorumaq olmalıdır.

Beləliklə, piyli dəriyə nəmləndirici lazım olub-olmaması ilə bağlı cavab birmənalıdır: bəli, piyli dəri də nəmləndirilməlidir. Əsas məsələ dəri tipinə və konkret problemə uyğun məhsul seçməkdir. Dəridə davamlı sızanaq, güclü yağlanma, qızartı və ya qıcıqlanma müşahidə olunursa, təsadüfi məhsullar sınamaq əvəzinə dermatoloqa müraciət etmək daha doğru yanaşmadır.

Nurəddin Abdullayev
Gundelik.az