Böyük Britaniya kralı III Çarlzın qardaşı, keçmiş şahzadə Endryu fevral ayında həbs edilməsinə görə polisə qarşı məhkəmə iddiası qaldırıb.
Gundelik.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Endryu London polisinə qarşı hüquqi proses başladıb və hüquq-mühafizə orqanlarının onun barəsində həyata keçirdiyi tədbirlərin qanuni olub-olmadığının araşdırılmasını tələb edib. Söhbət əsasən Sandrinqem malikanəsinin ərazisindəki evində və Vindzordakı keçmiş iqamətgahı Royal Lodge-da axtarış aparılmasına icazə verən orderlərin məhkəmə tərəfindən yenidən nəzərdən keçirilməsindən gedir. Axtarışlar və daha sonra Endryunun fevralın 19-da, 66-cı doğum günündə həbs edilməsi məhkəmə iddiasının əsasını təşkil edib.
66 yaşlı Endryu Mauntbetten-Vindzor xidməti vəzifələrini düzgün yerinə yetirməməkdə şübhəli bilinib. İstintaqın versiyasına görə, o, 2001-2011-ci illərdə Böyük Britaniyanın ticarət üzrə xüsusi nümayəndəsi vəzifəsində çalışarkən məxfi sənədləri cinsi cinayətlərdə təqsirli bilinən Ceffri Epşteynə ötürüb. Endryu bütün ittihamları qəti şəkildə rədd edir. O, yalnız Epşteynlə tanış olduğunu etiraf edib və bu tanışlığa görə peşman olduğunu bildirib.
Həbsindən sonra Endryu bütün gün ərzində dindirilib və yalnız 12 saat sonra sərbəst buraxılıb. Axtarış orderlərinin qanuniliyinə dair məsələnin müzakirə ediləcəyi qapalı məhkəmə iclasının cümə axşamı keçirilməsi gözlənilir.
2025-ci ilin payızında kral III Çarlz Epşteynlə əlaqələri ilə bağlı qalmaqaldan sonra kiçik qardaşını bütün kral titullarından və vəzifələrindən, o cümlədən şahzadə titulundan məhrum edib.
Qeyd edək ki, daha əvvəl amerikalı konqresmen keçmiş şahzadə Endryunu ABŞ ərazisində cinsi cinayətlər törətməkdə ittiham etmişdi.
Nurəddin Abdullayev
Gundelik.az
