Oktyabr 6, 2026
Baku
Dünya Xəbərlər

Melonidən qeyri-adi addım: Artıq heç kim onu təqlid edə bilməyəcək

İtaliyanın Baş naziri Giorgia Meloni süni intellekt vasitəsilə hazırlanan “deepfake” məzmunlara qarşı səsini hüquqi baxımdan qorumaq üçün Avropa İttifaqının Əqli Mülkiyyət Ofisinə (EUIPO) müraciət edib. Müraciət Meloninin italyanca “Mən Giorgiam” mənasını verən “Io sono Giorgia” ifadəsini iki dəfə səsləndirdiyi 4 saniyəlik səs yazısını əhatə edir. Bu ifadə, həmçinin Meloninin 2021-ci ildə nəşr olunan avtobioqrafiyasının adıdır.

Gundelik.az xarici mediaya istinadən xəbər verir ki, İtaliyanın Baş Nazirlik Aparatından verilən açıqlamada bildirilib ki, Meloni süni intellektlə hazırlanan “deepfake” məzmunların yaratdığı təhlükəyə qarşı səsini hüquqi mühafizə altına almaq məqsədilə EUIPO-ya müraciət edib.

Açıqlamaya görə, qeydiyyat üçün təqdim olunan müraciət baş nazirin “Io sono Giorgia” ifadəsini iki dəfə səsləndirdiyi 4 saniyəlik audioyazını əhatə edir.

“Deepfake” təhlükəsinə qarşı müraciət

Meloninin bu addımı onun səsinin süni intellekt vasitəsilə icazəsiz şəkildə təqlid edilməsinin qarşısını almaq məqsədi daşıyır. Belə texnologiyalar real insanların səsini və görüntüsünü yüksək dəqiqliklə imitasiya etməyə imkan verdiyi üçün son illərdə siyasi və ictimai şəxslərin “deepfake” məzmunlarda istifadəsi ciddi müzakirə mövzusuna çevrilib.

Avtobioqrafiyasının adı

“İo sono Giorgia” ifadəsi Meloninin 2021-ci ildə yayımlanan avtobioqrafiyasının da adıdır. Sözügedən ifadə zaman keçdikcə İtaliya baş nazirinin siyasi kampaniyaları ilə sıx şəkildə əlaqələndirilib.

Nurəddin Abdullayev
Gundelik.az