Oktyabr 6, 2026
Baku
Dünya Xəbərlər

Bəbir evə girərək altı nəfəri yaraladı – Hindistanda DƏHŞƏTLİ HADİSƏ

Hindistanın Çhattisqarh ştatında bir ailəyə hücum edən bəbir tutulub.

Gundelik.az xəbər verir ki, bu barədə “Times of India” məlumat yayıb.

Yırtıcının ilk qurbanı 55 yaşlı Uttəribay Yadav olub. Qadın tualetə getmək üçün evdən çıxarkən bəbir ilə qarşılaşıb. Onu yaralayan yırtıcı daha sonra evə girərək qadının qohumlarına hücum edib. Nəticədə ümumilikdə altı nəfər bəbirin diş və caynaqlarından xəsarət alıb.

Panikaya düşən ailə vəhşi heyvanı evin otaqlarından birinə salaraq qapını bağlamağa və çölə çıxmağa nail olub. Hadisə yerinə qısa müddət sonra polis əməkdaşları və meşə təsərrüfatı idarəsinin işçiləri gəlib. Bir neçə saat davam edən əməliyyatdan sonra bəbir tutulub və başqa əraziyə aparılıb.

Xəsarət alan altı nəfərin hamısı xəstəxanaya yerləşdirilib. Onlardan üçünün vəziyyətinin daha ağır olduğu bildirilib və həmin şəxslər ştatın paytaxtına göndəriliblər.

Qeyd edək ki, daha əvvəl Hindistanın Dedkiyali kəndində 6 yaşlı Prişa Solankinin bəbirin hücumuna məruz qaldığı bildirilmişdi. Yırtıcı kiçik qız evin həyətində oynayarkən ona hücum etmişdi.

Nurəddin Abdullayev
Gundelik.az