Gundelik.az Elm və təhsil Ədəbiyyat Ömrün Çətin Yollarında Yanan İşıqlar -Sabir Rüstəmoğlu qələmi
Ədəbiyyat

Ömrün Çətin Yollarında Yanan İşıqlar -Sabir Rüstəmoğlu qələmi

Anam

(Anam Məmmədova Şahbaz Həmdəm
qızının əziz xatirəsinə ithaf edirəm).

Çöhrəsi gözəl olan,
Nur kimi şəfəq saçan,
Anaların anası,
Ay mənim, gözəl anam!
Bizləri böyüdərkən,
Böyük cəfalar çəkən,
Rahatlığı olmayan,
Ay mənim, gözəl anam!
On övladı böyüdən,
Hər an təlaş keçirən,
"Qəhrəman Ana olan,
Ay mənim, gözəl anam!
Mübariz insan olan,
Dəyərli sözü olan,
Bizə can fəda edən,
Ay mənim, gözəl anam!
Zəhmətdən ilham alan,
Gecə-gündüz çalışan,
Heç yorulmaq bilməyən,
Ay mənim, gözəl anam!
Övlada canyandıran,
Özünü qurban verən,
Uf demədən işləyən,
Ay mənim, gözəl anam!

Can deyib, can eşidən,
Gecələr oyaq qalan,
Övladların böyüdən,
Ay mənim, gözəl anam!
Balaya sipər olan,
Hər an nazını çəkən,
Onlarla nəfəs alan,
Ay mənim, gözəl anam!
Obanın ağbirçəyi,
Qadınların hamisi,
Hamının ümid yeri,
Ay mənim, gözəl anam!
Hər işdə öndə gedən,
Çətinlikdən qorxmayan,
Mübarizə aparan,
Ay mənim, gözəl anam!
Sədaqətin carçısı,
Dönməzlik nişanəsi,
Açdığı yol işıqlı,
Ay mənim, gözəl anam!
Bütün çətin anlardan,
Hər zaman qalib çıxan,
Sözündən heç dönməyən,
Ay mənim, gözəl anam!
Elin ürəkdən sevən,
Ona qayğı göstərən,
Hamıya sirdaş olan,
Ay mənim, gözəl anam!

Ağcabədi şəhəri,
02.05.2026

**********************************************

Atam
(Atam Məmmədov Rüstəm Həsən oğlunun
əziz xatirəsinə ithaf edirəm).
Uşaqkən yetim qalan,
Taleyin acısını,
Çiyinlərində çəkən,
Mənim fədakar atam.
Çox ağrılar içində,
Yetimliklə böyüyən,
Heç bir qayğı görməyən,
Mənim fədakar atam.
Lap balaca yaşından,
Ağır işə qatlaşan,
Çətinliklə dolanan,
Mənim fədakar atam.
Kiçik olan çağından,
Hey kolxozda çalışan,
Himayələrdə qalan,
Mənim fədakar atam.
Kolxozda işləməklə,
Özünü dolandıran,
Ehtiyacın ödəyən,
Mənim fədakar atam.
Dərin əmək sərf edən,
Yorulmadan çalışan,
Çətin anlar yaşayan,
Mənim fədakar atam.

Zamanın sınağından,
Hər an üzüağ çıxan,
Heç vaxt qorxu bilməyən,
Mənim fədakar atam.
İllər ötüb keçdikcə,
Böyüyüb kamilləşən,
Mətin bir insan olan,
Mənim fədakar atam.
Özü üçün ev tikən,
Yaxşı şərait quran,
Ailə sahibi olan,
Mənim fədakar atam.
Övladların böyüdən,
Onlara dayaq olan,
İrəliyə aparan,
Mənim fədakar atam.
Keçmişə boylananda,
Bu günə şükür edən,
Ürəyi pərvazlanan,
Mənim fədakar atam.

Ağcabədi şəhəri,
02.05.2026

**********************************************

Vəzifə düşgünləri

Vəzifə tutmaq üçün,
Məmura yaltaqlanan,
Onların nazın çəkən,
Vəzifə düşgünləri.
Kimliyini gizlədən,
Obasını sevməyən,
Mənşəyi bilinməyən,
Vəzifə düşgünləri.
Hər zaman ayıq olan,
Ortalığı hey qatan,
Ar-namusun itirən,
Vəzifə düşgünləri.
Məmur görəndə gülən,
Yerini şirin salan,
Özün irəli atan,
Vəzifə düşgünləri.
Yaltaqlıq zirvəsidir,
Aranı qarışdırır,
Yetəni dalaşdırır,
Vəzifə düşgünləri.
Məramı müəmmalı,
Elinin üz qarası,
Saxtalıq nişanəsi,
Vəzifə düşgünləri.
Hiyləsindən dönməyən,
Başqana boyun əyən,
Vəzifə üçün ölən,
Vəzifə düşgünləri.

Mənliyi heç olmayan,
Xalqın gözündən düşən,
Heç kimə bənzəməyən,
Vəzifə düşgünləri.
Ömrünün ilk anından,
Ziddiyyətli yol gedən,
Hamıya pislik edən,
Vəzifə düşgünləri.
Gecə-gündüz axtaran,
Gündə yüz dona girən,
Özü üçün çalışan,
Vəzifə düşgünləri.
İnsanlığa ləkədi,
Elinə baş töhməti,
Tamam ruhu xəstədi,
Vəzifə düşgünləri.

16.04.2026
Ağcabədi şəhəri

***************************************

“Qızılgül və Bülbül” əfsanəsi

( poema)

Qızılgüllə Bülbülün,
Məhəbbət hekayəsi,
Ən qədim əfsanədir.
Uzun illər yaşayan,
Bu məhəbbət dastanı,
Belə notla başlayır:
Qızılgüllə Bülbülün,
Bir-birini sevməsi,
Ta qədimdə baş verib,
Onlar istəkli olub,
Beləcə bu məhəbbət,
Ellər içində gəzib,
Hamı belə sevgiyə,
Hər zaman əhsən deyib,
Bu məhəbbət işığı,
Əbədi şölə saçıb,
Bütün el-obanın,
Ürəyində iz qoyub,
Ölməzlik nişanəsi,
İnci sevgi dastanı.
Qızılgüllə Bülbülün,
Məhəbbət macərasın,

Xar da bir gün eşidir,
Xar xeyli müddət idi,
Qızılgülə vurulmuş,
Ancaq bunu heç zaman,
Qızılgülə deməmiş,
Ürəyində saxlamış.
Bülbülün məhəbbəti,
Qızılgülü məst etmiş,
Aşiqlər bir-birinə,
Çox dərindən bağlanmış,
Bu da Xara pis gəlir,
Xar onlar arasında
Qara kol kimi bitir.
Nə qədər çalışsa da,
Onları ayıra bilmir,
Ancaq Xar geri durmur.
Min hiyləyə əl atır,
Amma nəticə olmur,
Qızılgülü Bülbüldən,
Ayırmaq mümkün olmur.
Xar Bülbülü öldürmək,
Barəsində düşünür,
Çıxış nöqtəsi tapmır.

Qərar öldürmək olur.
Bülbül gülün yanında,
Ağacın budağında,
Ağgüllə söhbət edir.
Bu zaman Xar Bülbülün,
Üstünə hücum çəkir,
Onu qana boyayır.
Bu əfsanəyə görə,
Qızılgül dümağ olmuş,
Rəngi sonra qızarmış,
Bunu Xar belə etmiş,
Xar Bülbülün köksünü,
Yaralayıb qan etmiş,
Bu qan Ağgülün üstə,
Tam beləcə tökülmüş,
Onu qırmızı etmiş.
Həmin vaxt dönəmindən,
Ağgül Qızılgül olmuş.
Bu hekayə beləcə,
Böyük dastana dönmüş,
Dillərdə əzbər olmuş.
Qızılgüllə Bülbülün,
Adı dillərdə gəzmiş,

Bülbül hər an oxuyur,
Qızılgül həsrətindən,
Ah-naləsi tükənmir,
Hər il bahar fəslində,
Qızılgül açan zaman,
Bülbülün gözü görmür,
Tamamilə tutulur,
Qəmli səslə oxuyur,
Onun ecazkar səsi,
Tam aləmi bürüyür,
Hey göylərə səs salır,
Qırx gün ömürü olan,
Qızılgül solub gedir.
Ancaq Bülbül oxuyur.
Qızılgülün həsrəti,
Bülbülü hey ağladır,
Onun səsi heç kəsmir,
Ağacda nalə çəkir,
Ürəyi qəmlə dolur,
O, hicrandan üzülür,
Qızılgül solan kimi,
Bülbülün gözü görür,
Onlar qovuşa bilmir,

Yenə həsrətli qalır,
Sevgililər beləcə,
Nakam ömür yaşayır,
Artıq Qızılgül olmur,
Bülbülün fəryad səsi,
Hey səmaya ün salır,
Qəmli-qəmli oxuyur,
Bülbül mənən sarsılır,
Kədər içində yanır,
Od-alovu kükrəyib,
Onu qoynuna alır,
Belə nakam məhəbbət,
El içində yaşayır,
Ağızda-dildə gəzir,
İllər ötüb keçsə də,
Hələ də məhəbbətin,
Qəmli-kədərli səsi,
Sevənlər ürəyində,
Əbədicə yaşayır,
Ürəkləri fəth edir,
Bunlardan ilham alan,
Qədim el bayatımız,
Kədəri əks etdirən,

Qanı məhəbbət olan,
Ürəklərə od salan,
Ölüləri dirildən,
Onlara həyat verən,
Ruhları təzələyən,
Qızılgüllə Bülbülün,
Qanlı tale kitabı,
İnsanları sarsıdır,
Könülləri ağrıdır,
Qəlbləri də üşüdür,
Bayatıda deyilir:
Əziziyəm qanlı gül,
Qanlı danış, qanlı gül,
Yemiş Bülbül bağrını,
Ağzın açmış qanlı gül,
Bu bayatı beləcə,
Məhəbbətə kədərlə,
Layla deyərək anır.
Kədərli bir sonluqla,
Heç nə olmamış kimi,
Astaca tamamlanır.
Zaman keçib getsə də,
O, hələ də yaşayır.

Bu qəmli bayatının,
Sonuncu misrasını,
Belə dəyişmək olar:
Əziziyəm qanlı gül,
Qanlı danış, qanlı gül,
Yemiş Bülbül bağını,
Ağgül olmuş Qızılgül.

Sabir Rüstəmoğlu (Məmmədov),
ADPU-nun Ağcabədi filialının dosenti, AYB və AJB- nin üzvü
Gundelik.az

 

Exit mobile version