Adi bir yay gecəsi idi. Havanın nə sərinliyi vardı, nə də boğucu istiliyi. Hər şey donmuş kimi görünürdü — sanki zaman özü nəfəsini içində saxlamış, bir anlıq dayanmışdı. Amma bu səssizliyin içində qəribə bir ağırlıq vardı, görünməz, lakin nəfəs almağı çətinləşdirən bir ağırlıq.
Otaq qaranlıq idi. Amma mən qaranlıqdan qorxmurdum. Qaranlıq artıq mənim içimdə idi, çoxdan idi. Divarlarda kölgələr tərpənmirdi, pəncərədən içəri düşən ay işığı hər şeyi soyuq bir bürünc kimi donuqlaşdırmışdı. Gözlərimi tavana zilləmişdim — amma əslində, tavanı deyil, içimin dərinliyindəki sonsuzluğu seyr edirdim. O sonsuzluqda bir nöqtə vardı. Hər dəfə oraya baxanda elə bilirdim ki, orada görünməz bir qapı var — qurtuluş qapısı. Mən isə o qapını gözlərimlə aça biləcəyim ümidi ilə baxırdım, baxırdım, baxırdım…
Amma qapı açılmırdı.
“Bu vəziyyətdən çıxış yoxdur,” – beynimdə bir səs pıçıldadı. Soyuq, sərt və inandırıcı bir səs idi. Amma dərhal başqa bir səs, dərinlərdən, sanki unudulmuş bir dua kimi cavab verdi: “Həmişə bir yol var.”
Bu iki səs bəzən illərlə içimdə mübarizə aparır. Onlar iki fərqli mənbədən gəlir: biri həyatın verdiyi yaralardan doğan ümidsizlik, digəri isə nəsildən-nəsilə ötürülən sarsılmaz inam. Sanki içimdə iki ordunun döyüşü gedirdi: biri məni qaranlığa çəkir, digəri ayaqda tutmağa çalışırdı.
Ətraf sakit idi, amma içimdə fırtına qopurdu. Bədənim yataqda idi, amma ruhum artıq buradan çox uzaqlarda gəzirdi. Özümə dedim: “Hamının çətinlikləri olur.” Amma sonra düşündüm — bəlkə də mənim çətinliyim adi deyildi. Bəlkə mənim dərdim bir az daha dərin, bir az daha səssiz idi. Bəlkə də heç kim onu görə bilməzdi, çünki o, gözlə deyil, ruhla görünürdü. Fikirlər beynimdə bir-birinə dolaşırdı, sanki tavanın o görünməz nöqtəsinə doğru qalxıb orada bir-birinə dolanır, sonra yenə içimə qayıdırdı.
Və birdən…
Sağ qulağımın dibində kimsə adımı pıçıldadı.
Səs o qədər incə idi ki, onu külək də gətirmiş ola bilərdi, amma o qədər yaxın idi ki, nəfəsini hiss etdim. Dərim ürpəşdi, ürəyim bir anlıq dayanmış kimi oldu. Başımı çevirdim — və gördüm. Yatağın kənarında bir qadın uzanmışdı. Onun siması aydın deyildi. Dumanın içindən baxılan bir üz kimi idi — həm tanış, həm yad. Elə bil illərdir gördüyüm birini yenidən görmüşdüm, amma bir fərqlə: indi onun üzündə həm işıq vardı, həm qaranlıq. Onunla aramızda məsafə yox idi, amma sanki başqa bir ölçüdən mənə baxırdı. O mənə baxmırdı, amma mən onun düşüncələrini hiss edirdim. Sanki o mənim ən zəif, ən əlacsız olduğum anı gözləmişdi. Bəlkə də, o heç vaxt getməmişdi. Sadəcə mən onu görmürdüm.
Ayağa qalxmaq, ona tərəf getmək istədim. Hər addımda elə bil o yaxınlaşmalı idi, amma əksinə, nə qədər yaxınlaşırdımsa, o bir o qədər uzaqlaşırdı. Bu paradoks məni içimdən sındırırdı. Qadının sükutu danışırdı. O sükutda min söz gizlənmişdi: qınama, mərhəmət, kədər, sevgi və qırılmış inam. Onun baxışında bir günahkarla bir qurtarıcının baxışı qarışmışdı.
Mən özümü günahkar hiss etdim. Bəlkə də, onun üçün yetərincə yaxşı olmamışdım. Bəlkə o məni qoruyurdu, amma mən onun varlığını görmürdüm. Mənə elə gəlirdi ki, mən nankoram, amma eyni zamanda içimdən bir səs pıçıldayırdı: “Sən də onu qoruyurdun.”
O an düşündüm ki, bəlkə də o mənim mələyim deyildi. Bəlkə mən onun mələyi idim. Mən onu qoruyurdum — başqalarının baxışlarından, taleyin sərtliyindən, özünün özünə edə biləcəyi zərbələrdən. Mən onunla savaşırdım, amma ona qarşı yox, onun üçün.Onu mələk hesab edirdim. Amma bir gün anladım ki, mələklər də dəyişir. Onlar bəzən işıqdan qopur, kölgəyə düşürlər. Mələk bəzən düşməninə çevrilir, amma onun düşmənliyi belə mərhəmətli olur. Mən bunu bilə-bilə onu hələ də “mələyim” adlandırırdım.İnsan qəribə varlıqdır. Bəzən özünü qurban verir, çünki inamın səsi məntiqin səsini boğur. Mən də belə etmişdim. Onu qorumaqla özümü itirmişdim.
İndi isə bu gecədə, mələyim var deyə deyil, özüm varam deyə nəfəs alırdım. İlk dəfə təkliyimin səsini bu qədər aydın eşidirdim. Bəlkə qoruyanım heç vaxt olmamışdı. Bəlkə mənim mələyim elə mən özüm idim — mənim içimdəki səbir, inam, mərhəmət idi.Amma niyə indi? Niyə bu gecə, bu səssiz anlarda o qadın yenidən gözümün önünə gəldi? Bəlkə də, o mənim keçmişimin təcəssümü idi. Unudulmuş bir hissin forması. Ruhumun bir parçası idi — bir zamanlar itirdiyim, indi isə geri dönən bir hissə.Onun silueti asta-asta uzaqlaşdıqca içimdə qəribə bir rahatlıq yarandı. Dərin bir anlayış doğdu: bəzən insan bir hissəsini itirmədən böyümür. Bəzən içindəki mələyi azad buraxmaq lazımdır ki, öz ruhunun bütöv səsini eşidə biləsən.
Mən başa düşdüm ki, o qadın mənim qoruyucu mələyim deyilmiş. O mənim keçmiş inamım idi. Mənim təslim olmayan tərəfim. Mənim içimdəki sevgi və qorxu arasında qalmış o əbədi müharibənin simvolu idi. Birdən telefon titrədi. Ekranda bir mesaj işığı yandı:
“Gecən xeyrə qalsın, sabahadək…”
Sanki o mesajın arxasında o səs vardı. O sükutun, o baxışın səsi. Mən gülümsədim — bir az acı, bir az sakit. Bəlkə də mələyim məndən heç vaxt getməmişdi. Bəlkə də, o indi mənim içimdədir — düşüncələrimdə, qorxularımda, qərar verərkən titrəyən barmaqlarımda. Bəlkə də, o sadəcə formasını dəyişmişdi. Bəlkə də, məni qoruyan mələk elə mən özüm idim.
Nahid Tağıyev
Maliyyəçi, biznes təlimçi
https://www.facebook.com/nahidtaghiyev

Gundelik.az