Səadətin səsi radioda hər səhər yayılan incə bir işıq kimi şəhəri yuyurdu. Şəhər o səsi dinləyir, amma onu görmürdü. Onun səsi sanki səhərin ilk nəfəsinin içində gizlənmişdi — yüngül, isti, amma dərinliyində buz kimi bir kölgə gəzdirən. O səs insanlara günün başladığını xəbər verirdi, amma eyni zamanda onun öz içinin necə qaranlıq bir yerdə ilişib qaldığını heç kimə demirdi.
Sanki o səs, bir insanın boğulmadan əvvəl suyun altında buraxdığı son hava qabarcığı idi — görünür, eşidilir, amma səbəbi bilinmirdi. Hər gün eyni mətni oxuyur, eyni tonla danışır, reklamların məcburi şənliyinə süni bir enerji qatırdı. Amma onun gülüşünün arxasında çat vardı. Səadət güləndə sanki o gülüşün içindən bir şey qopub düşürdü — görünməz, amma ağır bir şey. O gülüş səsini bəzəyən bir cizgi idi, özünü bəzəyən bir maska.
Onu minlərlə qulaq eşidirdi… Amma bir nəfər də onu görmürdü.
Nəsib isə sözlərə sığınan, amma sözlərin içində itib-batan bir adam idi. Yazırdı, amma yazdıqları onu azad etmirdi. Əksinə, hər cümlə onu daha da özünə qaytarırdı. Sanki o, sətirlərin içində dolaşan bir ruhdu — var, amma toxuna bilmirsən.
Onun həyatı sükutla doldurulmuş bir otağı xatırladırdı. Nəfəs alsan belə səs salmaqdan çəkinərdin. O sükut təkcə sakitlik deyildi. Sanki həyatın özü dayanmışdı və o dayanmışlığın içində Nəsibin ruhu ilişib qalmışdı. Səadətlə tanışlığı da başqa cür ola bilməzdi — soyuq, sərt, adsız bir internet forumunda. Bir mövzunun altında qızın yazdığı bir cümlə gözlərini saxlamışdı:
“Bəzi insanlar danışa-danışa yox… susa-susa tükənir.”
Bu cümlə Nəsibin ruhunda qaranlıq bir lampanı yandırdı. Sanki o sözləri özü yazmışdı, amma heç vaxt etiraf etməmişdi. O andan sonra yazışmağa başladılar. Yazdıqları hər söz bir addım idi, amma bu addımlar onları bir yerə aparmırdı. Onlar eyni yolla getmirdilər — amma qəribə bir şəkildə eyni yerə düşürdülər. Aralarında izaholunmaz bir qaranlıq yaxınlıq vardı. Səadətin gülüşü Nəsibin içində iki fərqli təpər oyadırdı: həm səssiz bir istilik, həm də insanı içindən qıran bir ağrı. Çünki o gülüş bütöv deyildi. Sanki bir kitabın yırtılmış səhifəsindəki cümlə kimi idi — başı var, sonu yox. Gülüş onun üzündə idi, amma ürəyinə çatmırdı.
Gözlərinin küncündə hər dəfə titrəyən o balaca sarsıntı…
Sanki gülüş ürəyinə yük idi və qız o yükü daşımaqdan yorulmuşdu. O gülüş insanı sevindirmək üçün deyildi. O gülüş insanı qorxutmamaq üçün idi.
Nəsib bunu anlayanda ürəyi sıxıldı. Çünki özü də belə idi — içində qırıldığı yerləri gülüşlə gizlədən bir adam. Görüş günündə şəhərin küləyi qəribə əsirdi. Hava belə narahat idi, sanki hər an nəsə olacaqmış kimi bir hiss var idi. Onlar yan-yana gəzdilər, amma çox danışmadılar. Sözlərə ehtiyac yox idi. Yazışmalarında qurduqları səssizlik burada daha aydın, daha kəskin hiss olunurdu. Aralarında görünməyən bir bağ var idi — qırılmağa hazır, amma hələ qırılmayan.
Səadət bəzi küçələrdən yan keçdi. İzah etmədi. Sadəcə dönüb başqa yola girdi. Nəsib onun addımlarındakı o gizli çaxnaşmanı hiss etdi. Hiss etdi ki, bu yollar qızın keçmişində iz buraxıb.
Hiss etdi ki, orada ağrı var. Və Səadət o ağrını ona göstərmək istəmir. Nəsib soruşmadı. Çünki bilirdi:
Bəzi sükutlar insanın özünə məxsus müqəddəs yerdir. Onlara toxunmaq olmaz.
Gün bitəndə Səadət ona bir kitab verdi. Kitabın səhifələri arasında qızın qoxusu vardı — limonla qarışıq yumşaq, sanki səhərin ilk işığı kimi təmiz bir qoxu. Kitabı açanda Nəsib bir anlığa nəfəs almadı — elə bil qız ora nəfəsini qoymuşdu. Bu qoxu həm sevindirirdi, həm də sanki içini yandırırdı. Çünki belə qoxular insanı alışdırır.
Və itəndə də o yanığın yeri uzun müddət sağalmır.
Bir gün Səadət ona qısa bir video göndərdi. Radiodan gələn saxta, şən, gülməli reklam musiqisinin fonunda çəkilmiş bir video. Sanki musiqi dünyanın ən xoşbəxt insanına aid idi. Amma videodakı qız…
Həmin o məşhur gülüşlə gülürdü. Sanki özünə yalan danışırmış kimi.
Sanki o gülüşlə özünə “yaxşıyam” deməyə çalışırmış kimi. Sanki üzünə taxdığı maskanı yıxmasın deyə gülümsəyirdi. Gözlərindəki yorğun parıltı…
O parıltı insanın içinə girir, ordan çıxmırdı. İnsan o parıltıya baxdıqca həm qız üçün darıxır, həm də onu qorumaq istəyirdi. Nəsib videonu izləyəndə qarnının içində izaholunmaz bir sancı duydu. Qız nəsə demək istəyirdi. Amma deyə bilmirdi. O videodan sonra yazışmalar azalmağa başladı. Sözlər çökdü, səslər zəiflədi, cümlələr uzanmadı. Sanki ikisi də nəsə hiss edirdi — amma heç biri onu dilləndirmədi.
Aralarında bir uçurum vardı. Onlar uçurumun eyni kənarında dayanmışdılar. Bir-birlərinə baxır, gülümsəyirdilər. Təkcə yıxılmasınlar deyə. Səadət tez-tez deyirdi:
“Kitab yaz. Sən yazsan, özünü taparsan. Həm də yaxşı qazanarsan.” Amma Nəsib özünə toxunmaqdan qorxurdu.Çünki bilirdi:
Özünü tapanda, ordakı insan xoşbəxt olmayacaq. O adam çox şey itirən, çox şeyi susan biri olacaq.
Zaman keçdi. Sükut böyüdü. Görüşlər olmadı. Sözlər tükəndi. Səadət efirdə gülürdü. Nəsib isə yazmırdı. Hər ikisi öz kölgəsinə çevrilmişdi.
Bir axşam Nəsib qızın hədiyyə etdiyi kitabı yenidən açdı. Qoxu hələ də oradaydı — bir az solmuş, amma yenə də qızın nəfəsinə oxşayırdı. Bu qoxu onun içində qəribə bir qarışıqlıq yaratdı:Darıxma… Hirs… Özündən qaçmaq… Özünə qayıtmaq… Hamısı bir anın içində çırpındı. Telefonu açdı. Bir cümlə yazdı. Çox qısa. Çox ağır. Çox qırıcı. “Evləndim”…
Evlənməmişdi. Amma bu cümlə hər şeyi bitirən bir qapı idi. O qapı bağlananda sanki içində nəsə sındı. Ekran sönəndə Nəsib özünü o sönmüş ekran kimi hiss etdi —həyatı olmayan, amma iz buraxan bir səth kimi. O gecə yazmağa başladı. Qaranlıq, dərin, parçalanmış bir hekayə. İnsanların ruhuna toxunan, amma bir-birinə çatmayan ruhlar haqqında. Kitabının ilk cümləsi belə idi:
“Bəzən bir insanın gülüşü, insana yara kimi qayıdır — sağalmayan, amma yaşadan bir yara.” Səadətin gülüşü isə hələ də onun içində idi. Radiodakı səs kimi, videodakı gülüş kimi, kitab səhifələrinə hopmuş o qoxu kimi. Zaman keçdikcə o gülüş bir xatirəyə çevrildi. Sonra xatirənin də xatirəsinə.
Və sonda…
O gülüşün səsi yalnız bir kölgə kimi qaldı. Bir insanın ruhunun dərinliyində itmiş, amma heç vaxt tam ölməyən bir kölgə.

Nahid Tağıyev
Maliyyəçi, biznes təlimçi
https://www.facebook.com/nahidtaghiyev
Gundelik.az