İsraildə hökumətin Qəzza zolağına hərbi hücum planından imtina edərək, HƏMAS-la məhbus mübadiləsi sazişi imzalamasını tələb edən ümumi tətil və etiraz aksiyalarında 1 milyondan çox insan iştirak edib.
Bu barədə Gundelik.az xarici mediaya istinadən xəbər verir.
Məhbus ailələrinin yaratdığı platformanın açıqlamasına görə, ölkə üzrə keçirilən nümayiş, yürüş və tədbirlərdə bir milyondan artıq insan iştirak edib. Bəyanatda bildirilib ki, Tel-Əvivdəki “Girovlar Meydanı”ndakı aksiyaların başa çatması hərəkatın sonu demək deyil və israilli məhbuslar azad olunana qədər etirazlar davam edəcək.
Ümumi tətil səbəbindən həyati əhəmiyyətli müəssisələr və iri şirkətlər fəaliyyətini dayandırıb, yüzlərlə özəl qurum, bələdiyyə və təşkilat aksiyalara qoşulub. Nəqliyyatın iflic olması ilə ölkə üzrə qatarların hərəkəti tamamilə dayandırılıb, yollarda isə tıxaclar yaranıb.
Məlumata görə, Təl-Əvivdə keçirilən əsas mitinqdə on minlərlə insan iştirak edib. Etirazçılar “Hökumətin girovları qurban verməsinə icazə verməyəcəyik” şüarları altında “atəşkəs bahasına olsa belə” məhbus mübadiləsinin həyata keçirilməsini tələb ediblər.
Müxalifət və girov ailələri baş nazir Benyamin Netanyahunu hakimiyyətdə qalmaqda israr etməsinə, koalisiyanı qorumaq məqsədilə HƏMAS-la danışıqları sabotaj etməkdə ittiham ediblər.
HƏMAS dəfələrlə bəyan edib ki, İsrail ordusunun Qəzza zolağından çəkilməsi və fələstinli məhbusların azad olunması müqabilində israilli əsirlərin kütləvi şəkildə azad edilməsinə hazırdır. İsrail hökumətinin məlumatına görə, hazırda Qəzzada 50 israilli məhbus saxlanılır, onların təxminən 20-nin sağ olduğu güman edilir.
Bununla yanaşı, insan haqları təşkilatlarının hesabatlarında qeyd olunur ki, İsrail həbsxanalarında 10 min 800-dən çox fələstinli aclıq, işgəncə və tibbi laqeydlik şəraitində saxlanılır. Bu səbəbdən yüzlərlə məhbus həyatını itirib.
Fələstin Səhiyyə Nazirliyinin açıqlamasına görə, 7 oktyabr 2023-cü ildən bəri İsrailin hücumları nəticəsində Qəzzada 61 944 nəfər həlak olub, 155 886 nəfər yaralanıb. Onların böyük əksəriyyəti qadınlar və uşaqlardır. 9 mindən çox insan itkin düşmüş sayılır, yüz minlərlə fələstinli isə qaçqın vəziyyətinə düşüb. Qıtlıq səbəbindən 251 nəfərin, o cümlədən 108 uşağın həyatını itirdiyi bildirilir.
Gundelik.az

