Ukrayna Prezidenti Volodimir Zelenski bazar ertəsi ABŞ Prezidenti Donald Trampla görüşündə Rusiyaya ərazi güzəştləri müqabilində sülh sazişi bağlamaq məsələsində qərar verməli olacaq.
Bu barədə Gundelik.az “Bloomberg”ə istinadən xəbər verir.
Məqalədə qeyd olunur ki, Zelenski ya Trampın qəzəbinə tuş gəlmək riskini gözə almalı, ya da qeyri-müəyyən təhlükəsizlik təminatları müqabilində ərazilərin verilməsi bahasına müharibəni dayandırmaq üçün razılaşmaya getməlidir.
Agentliyin məlumatına görə, Tramp Zelenskiyə manevr imkanı qoymur. O, Putinlə görüşdə dərhal atəşkəs tələbindən imtina edərək, sülh planına tezliklə başlanmasına çağıracağını bildirib.
“Bloomberg”in mənbələri bildirir ki, Zelenski Trampla görüşdə Putinin tələbləri barədə daha çox məlumat almağa, üçtərəfli görüşün vaxtını razılaşdırmağa və ABŞ-ni Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə inandırmağa çalışacaq.
Fevral ayında Ağ Evdə keçirilən gərgin görüşdən fərqli olaraq, bu dəfə Zelenskini bir qrup Avropa lideri müşayiət edəcək. Onlar həm Ukrayna prezidenti, həm də Putinlə görüşün təşkili üçün cəhd göstərəcək və ABŞ-dan təhlükəsizlik zəmanətləri ilə bağlı aydınlıq tələb edəcəklər. Lakin mənbələrə görə, Avropa liderlərinin təsir imkanları məhduddur və onların mövqeləri həmişə üst-üstə düşmür.
Alyaska sammitindən sonra Trampın xüsusi elçisi Stiv Vitkoff CNN-ə bildirib ki, ABŞ və bir sıra ölkələr Ukraynaya NATO-nun 5-ci maddəsinə bənzər təhlükəsizlik təminatları ilə bağlı razılığa gələ bilərlər.
Qeyd edək ki, Almaniya kansleri Fridrix Mers, Fransa prezidenti Emmanuel Makron, Böyük Britaniyanın baş naziri Keyr Starmer, Finlandiya prezidenti Aleksandr Stubb, İtaliyanın baş naziri Corco Meloni, Avropa Komissiyasının sədri Ursula fon der Leyen və NATO-nun baş katibi Mark Rutte Zelenskiyə dəstək məqsədilə Vaşinqtona gəlməyi planlaşdırırlar.
Gundelik.az

