İsrail hökumətinin 2021-ci ildə “Google” və “Amazon” şirkətləri ilə imzaladığı 1,2 milyard dollarlıq bulud hesablama müqaviləsinin təfərrüatları üzə çıxıb.
Gundelik.az xəbər verir ki, “The Guardian” nəşrinin məlumatına görə, “Project Nimbus” adlı bu layihə çərçivəsində İsrail tərəfi texnologiya nəhənglərindən qeyri-adi tələblər irəli sürüb.
Məlumata əsasən, İsrail hökuməti şirkətlərdən xarici məhkəmələr və ya təhlükəsizlik qurumlarından gələn məlumat tələbləri barədə gizli şəkildə xəbərdar edilməsini istəyib. Bu məqsədlə “göz qırpma mexanizmi” adlanan xüsusi siqnal sistemi yaradılmalı imiş.
Gizli ödənişlərlə siqnal ötürülməsi
Sızdırılmış sənədlərə görə, “Google” və “Amazon” belə sorğular zamanı məlumatları birbaşa ötürmədən, kiçik “kompensasiya ödənişləri” vasitəsilə İsraili xəbərdar etməli idilər. Bu ödənişlərin məbləği məlumat tələb edən ölkənin telefon koduna uyğun müəyyən olunurdu.
Məsələn, ABŞ-dən gələn sorğu (+1) üçün 1000 şekel, İtaliyadan (+39) gələn sorğu üçün isə 3900 şekel ödəniş nəzərdə tutulub. Əgər şirkət hansı ölkədən sorğu daxil olduğunu açıqlaya bilmirdisə, “əlaqə ödənişi” kimi 100 min şekel (təxminən 30 min dollar) ödəməli idi.
Ekspertlər bu üsulun hüquqi baxımdan riskli olduğunu bildirərək, onun məhkəmə qərarlarının məxfiliyinə və beynəlxalq qanunlara zidd ola biləcəyini vurğulayıblar.
“Project Nimbus”un şərtləri
Sənədlərdə qeyd olunur ki, “Google” və “Amazon” təkcə bu gizli siqnal sisteminə razılıq verməyib, həm də İsrailin digər sərt şərtlərini qəbul ediblər. Müqaviləyə əsasən:
-
Şirkətlər İsrailin dövlət qurumlarının və ordusunun bulud xidmətlərindən necə istifadə etməsinə müdaxilə edə bilməzlər;
-
Xidmətlərə çıxışı məhdudlaşdıra və ya dayandıra bilməzlər;
-
İnsan hüquqları pozuntuları səbəbindən xidməti dayandırmaq qadağandır.
Bu məsələ “Microsoft” şirkətinin keçən ay İsrail ordusunun fələstinli mülki şəxslərin telefonlarını izləmək üçün istifadə etdiyi sistemi dayandırmasından sonra yenidən gündəmə gəlib. “Microsoft” həmin addımı “mülki şəxslərin kütləvi izlənilməsini asanlaşdırmaq istəmirik” sözləri ilə əsaslandırmışdı.
Şirkətlərin və hökumətin cavabı
“Google” və “Amazon” “The Guardian”ın suallarına cavab verərkən iddiaları təkzib ediblər.
“Google”un sözçüsü bildirib ki, “biz ABŞ və digər ölkələrin qanunlarına zidd hərəkət etmirik, bu iddialar tamamilə əsassızdır”.
“Amazon” isə vurğulayıb: “Biz müştəri məlumatlarına dair qanuni sorğular üçün qlobal standart prosedur tətbiq edirik və bu prosesi məxfilik öhdəliklərindən yayınmaq üçün dəyişdirmirik”.
İsrail Maliyyə Nazirliyi də yayılan məlumatları “əsassız” adlandıraraq qeyd edib ki, “şirkətlər İsrailin həyati maraqlarını qoruyan ciddi müqavilə şərtlərinə tabedirlər”.
Layihənin mahiyyəti
“Project Nimbus” İsrailin bütün dövlət və təhlükəsizlik qurumlarının məlumatlarını “Google Cloud” və “Amazon Web Services” platformalarına köçürməyi nəzərdə tutur. Rəsmilər bu addımı xarici məhkəmələrin İsrail məlumatlarına birbaşa çıxış imkanını məhdudlaşdırmaq məqsədilə atdıqlarını bildiriblər.
Bununla belə, insan haqları təşkilatları layihənin Qəzza və İordan çayının qərb sahilində aparılan hərbi əməliyyatlarda istifadə edilə bilən müşahidə texnologiyalarını gücləndirəcəyindən narahat olduqlarını ifadə ediblər.
Qeyd edək ki, ötən il “Google” və “Amazon”un bir qrup əməkdaşı “Drop Project Nimbus” (“Nimbus layihəsini dayandırın”) şüarı ilə bu müqaviləyə etiraz etmişdi.
Gundelik.az

