İspaniyanın solçu koalisiya hökuməti İsrailə tam silah embarqosu tətbiq edən kral fərmanını təsdiqləyib.
Gundelik.az xarici mediaya istinadən xəbər verir ki, bu qərar Nazirlər Şurasının növbəti həftəlik iclasında İsrailə qarşı sanksiyalarla bağlı qalan fərmanların təsdiqi çərçivəsində qəbul edilib.
İqtisadiyyat, Ticarət və Xarici İşlər naziri Karlos Kuerpo bildirib ki, fərman İsrailə bütün müdafiə avadanlığı, ikili təyinatlı məhsullar və texnologiyaların ixracına və idxalına qadağa qoyur. Nazir sanksiyaların “Qəzzada soyqırıma qarşı və Fələstin xalqına dəstək məqsədilə” tətbiq olunduğunu vurğulayıb.
Kuerpo həmçinin İsraillə əlaqəli hərbi potensiala malik təyyarə yanacağı üçün tranzit müraciətlərin rədd ediləcəyini, işğal olunmuş Fələstin torpaqlarından gələn məhsulların idxalı və reklamının qadağan ediləcəyini açıqlayıb. Nazir bildirib ki, bu qərar İsrail şirkətləri üçün əhəmiyyətli təsir göstərə bilər.
Hökumət sözçüsü və Təhsil naziri Pilar Alegria isə Baş nazir Pedro Sançesin BMT-dəki çıxışına istinad edərək, Fələstin Dövlətinin tanınmasının təcili olduğunu qeyd edib. Alegria bildirib ki, İspaniya iki dövlət həlli prinsipi üzrə İsrail və Fələstin üçün əvvəldən əsas rol oynayır.
Qeyd edək ki, İspaniya hökuməti sentyabrın 9-da İsrailə qarşı 9 maddəlik sanksiya elan etmişdi, lakin silah embarqosu və digər hərbi məqamların təsdiqini texniki və hüquqi səbəblərə görə təxirə salmışdı.
Gundelik.az

