İngiltərədə parlamentin İcmalar Palatası və Lordlar Palatasından olan deputat və lordlardan ibarət partiyalararası komitə süni intellektin insan hüquqları üçün yaratdığı risklərlə bağlı yeni qanun qəbul edilməsinə çağırıb.
İnsan Hüquqları üzrə Birgə Komitənin hesabatında mövcud qanunların süni intellektin yaratdığı təhlükələri tam şəkildə əhatə etmədiyi bildirilib. Komitənin sədri, deputat Aleks Sobel İngiltərə də daxil olmaqla, dünyada süni intellektlə bağlı məqsədəuyğun hüquqi yanaşmanın olmadığını deyib.
Hesabatda süni intellektin qadınlar və qız uşaqları ilə bağlı cinsi xarakterli saxta görüntülərin hazırlanması, insanların üzlərinin razılığı olmadan skan edilməsi və digər insan hüquqları pozuntularında istifadə oluna biləcəyi vurğulanıb.
Bundan başqa, internetdən toplanan məlumatlarla öyrədilən süni intellekt sistemlərinin ayrı-seçkilik yaradan qərəzləri özündə daşıya və yanlış məlumat yaya biləcəyi qeyd olunub.
Müstəqil nəzarət orqanı təklif edilir
Komitə hüquqi statusa malik vahid və müstəqil süni intellekt nəzarət orqanının yaradılmasını təklif edib. Mövcud hüquqi çərçivənin parçalanmış olması və bunun insan hüquqlarının qorunmasında boşluqlar yaratdığı bildirilib.
Təklif olunan qanunda süni intellekt sistemlərinin risk səviyyələrinə görə təsnifləşdirilməsi və yüksək riskli modellər üçün daha sərt tələblərin müəyyənləşdirilməsi nəzərdə tutulur.
Komitə insan hüquqları ilə uyğun gəlməyən bəzi süni intellekt tətbiqlərinin isə tamamilə qadağan edilməsini istəyir. Bu sahələrə şüuraltı təsir texnikaları, müəyyən məqsədlərlə profilləşdirmə və biometrik məlumatlardan düzgün olmayan istifadə daxil edilir.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az
