İyul 8, 2026
Baku
Hüquq Müsahibə Xəbərlər

Görünməyən Körpülərin Memarı-MEDİATOR

Müasir hüquqi və sosial münasibətlər sistemində mediyasiya getdikcə daha çox əhəmiyyət qazanır. Lakin bu institutun mahiyyəti barədə cəmiyyətdə hələ də fərqli təsəvvürlər mövcuddur. Bəziləri mediyatoru sadəcə iki tərəf arasında kompromis tapan vasitəçi kimi qəbul edir. Halbuki mediyasiya prosesi təkcə hüquqi razılaşma əldə etmək deyil, insan münasibətlərinin dərin qatlarına enmək, görünməyən səbəbləri üzə çıxarmaq və qarşılıqlı anlayış mühiti yaratmaqdır.

Mediator Sevinc Ağayeva ilə apardığımız bu müsahibədə məhz bu məqamlara aydınlıq gətirməyə çalışdıq. Mediyatorun rolu nədir? O, yalnız “orta yol” tapır, yoxsa emosional və psixoloji baryerləri aradan qaldıraraq tərəflərin bir-birini yenidən eşitməsinə şərait yaradır? Mübahisələrin arxasında gizlənən inciklik, etimadsızlıq və anlaşılmamaq kimi faktorlar mediyasiya prosesində necə üzə çıxır?

Bu söhbətdə Sevinc Ağayeva mediasiyanın fəlsəfi və praktik tərəflərindən danışır, mediyatorun hökm vermədən, tərəf tutmadan, qərar qəbul etmədən necə dialoq qurduğunu izah edir. Çünki bəzən insanlar qalib gəlmək istəyirlər, amma əsl ehtiyac qalib olmaq deyil — başa düşülməkdir. Və məhz bu nöqtədə mediyasiya hüquqi mexanizmdən daha çox, insanı insana yaxınlaşdıran bir körpüyə çevrilir.

Mediyator sadəcə vasitəçidirmi? Yoxsa insan münasibətlərinin görünməyən tərəflərini işıqlandıran bir bələdçi?
—  Bir çox insan düşünür ki, mediator sadəcə iki tərəf arasında “orta yol” tapan vasitəçidir. Sanki məqsəd yalnız razılaşma əldə etməkdir. Amma mediasiya bundan daha dərindir.
Mübahisələr çox vaxt görünən səbəblərdən yaranır: pul, əmlak, müqavilə, öhdəlik. Lakin münaqişənin kökü çox zaman görünməyən hissələrdə gizlənir — anlaşılmamaq, inciklik, etimadsızlıq, qorxu, hörmətin zədələnməsi…
Mediator məhz bu görünməyən tərəfləri işıqlandıran şəxsdir.
O, hökm vermir.
O, tərəf tutmur.
O, qərar qəbul etmir.
O, dinləyir.
O, sual verir.
O, insanların bir-birini yenidən eşitməsinə şərait yaradır.
Bəzən insanlar mübahisədə qalib gəlmək istəyirlər. Amma əsl ehtiyac qalib olmaq deyil — başa düşülməkdir. Mediator isə tərəflərə bunu xatırladır.
Mediasiya prosesində tərəflər yalnız hüquqi mövqelərini deyil, daxili ehtiyaclarını da ifadə etməyə başlayırlar. Və çox vaxt razılaşma məhz həmin nöqtədə yaranır — emosional düyün açıldıqda.
Mediator görünməyən körpülər qurur:
•sözlərlə yox, anlayışla,
•mövqe ilə yox, maraqla,
•mübahisə ilə yox, dialoqla.
Ona görə də mediyator sadəcə vasitəçi deyil.
O, münasibətlərin dərin qatlarını üzə çıxaran, insanları qarşı-qarşıya deyil, yan-yana gətirən bir bələdçidir.
Çünki həqiqi razılaşma sənəddə yox, anlayışda başlayır.
Gundelik.az